Qurban Qurbanov: “Beşiktaş” barədə düşünmürəm, rəsmi bir şey də yoxdur” - MÜSAHİBƏ - VİDEO

Müsahibə
24 Aprel 2024 22:14
Qurban Qurbanov: “Beşiktaş” barədə düşünmürəm, rəsmi bir şey də yoxdur” - MÜSAHİBƏ - VİDEO

“Futbolçularımı yenidən finala vəsiqə qazandıqları üçün təbrik edirəm”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Neftçi”yə 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, Azərbaycan kuboku prestijdir: “Şükürlər olsun ki, finala vəsiqə qazandıq. Oyundan razı qaldım. “Neftçi”yə uğurlar arzulayıram”.

- Növbəti mövsümdə oyun sisteminizdə hansısa dəyişiklik edəcəksiniz?

- Böyük bir dəyişiklik etmək fikrində deyilik. Öz düşündüklərimi daha da tez həyata keçirmək istəyirəm. Bunun üzərində daha çox çalışırıq. Bu gün hansısa şansımız varsa, nəyisə təkminləşdirmək baxımından onu edəcəyik. Sistemdə müəyyən dəyişiklik ola bilər. Amma böyük dəyişiklik etməyin tərəfdarı deyiləm. Futbolçuların fikirlərini yayındırmaq istəmirəm. Onlardan əsas tələbim rəqibə uyğun oyun üslubudur. Bunun üzərində çalışacağıq.

- Juninyo komandada qalacaq?

- ⁠Onunla bağlı problem yoxdur. Futbolçuların çoxunun bizimlə uzun müddətli müqavilələri var. Maraqlarında hansısa bir klub olsa, getmələri reallaşa bilər. Amma bizim də onlarla müqaviləmiz var. Bu, Juninyoya aiddir. Onun özü də komandamızda olmasından razıdır. Rəsmi olaraq belə bir şey yoxdur.

- ⁠İki görüşdə “Neftçi”yə 8 qol vurduz. Hətta “Qarabağ”ın oyunçularında meydanın mərkəzini yarıb fərqlənmək istəyi də görünürdü.

- ⁠Biz şansları dəyərləndirməyi sevirik. Meydanın mərkəzindən daha tez hücuma keçmək bizim üçün əsasdır. Həmişə bundan istifadə etmək istəyirik. Bu da bəzən alınır, bəzən yox.

- ⁠Musa Qurbanlının “Qarabağ”a qayıtmaq şansı var?

- ⁠Bu müzakirə mövzusu deyil. İsveçdə çempionat təzə start götürüb. Transfer pəncərəsi açıldıqda bu barədə danışmaq daha düzgün olar. Amma hazırda bizim üçün komandanı qoruyub saxlamaq daha optimal variantdır.

- ⁠Çempionatda komanda sayının artırılması ilə bağlı nə düşünürsüz?

- ⁠Bu barədə danışsam yalnış ola bilər. Bundan öncə də bildirmişdim ki, komanda sayı artırılmalıdır. Amma əsas olan keyfiyyətdir. Say artdığı halda, yeni gələcək klubun stadionu və nəyisə olmasa, alınmayacaq. Bunu 2-3 ilə düzəldərik fikri ilə yanaşsaq belə nəticə yaxşı olmayacaq. Hər bir halda mən komanda sayının çoxalmasının tərəfdarıyam. Belə olduğu halda futbola sevgi artacaq, azarkeşlərimiz çoxalacaq.

- ⁠Türkiyə mətbuatında adınız “Beşiktaş”la hallanır. Buna münasibətiniz necədir?

- ⁠Bu barədə danışmaq düzgün olmaz. Fikrimə ehtiyac yoxdur. Mən bu klub barədə düşünmürəm. Bu, normaldır. Rəsmi bir şey yoxdur. “Qarabağ”a bağlıyam və buradayam. Bir aydır adım müxtəlif klublarla səslənir. Mən bu cür söhbətlərdən uzaq olmağa çalışıram. Daim qərar qəbul olandan sonra o barədə danışmağı sevirəm. Sizə həqiqi məlumatın çatıdırılmasının tərəfdarıyam. Belə məsələləri ucuzlaşdırmaq olmaz. “Qarabağ”la daha çox böyüyüb, Azərbaycan futbolunu populyarlaşması yollarını düşünməliyik.

- ⁠Finalda Rəşad Sadıqovla qarşılaşacaqsız. Bir növ müəllim-şagird qarşılaşması olacaq...

- ⁠Biz çox yaxın dostuq. Müəllim-şagird olmamışıq. Ümumilikdə bütün futbolçularımla beləyəm. O meydanda rəqibimdir. Bu gün komandasını idarə edir. Sadəcə 2 dostun qarşılaşması olacaq. İnanıram ki, maraqlı və baxımlı oyun alınacaq.

- Sizcə, milli komandanı uğura yerli və ya əcnəbi məşqçi apara bilər?

- ⁠Bu barədə ilk müzakirə olmayıb. Amma bu barədə müəyyən danışıqların aparıldığı deyilir. Eşitdiyim qədəri ilə daha çox əcnəbi məşqçilərlə danışıqlar aparılıb. Siz nə qədər bilirsizsə, məndə o qədər məlumatlıyam.

Qeyd edək ki, “Neftçi”ni ilk matçda da 4:0 hesabı ilə məğlub edən “Qarabağ” kubokun finalında “Zirə” ilə üz-üzə gələcək.

Banuçiçək Hüseynli
İdman.biz