İki klubun möcüzə xəyalı bitib: Diqqətlər Qəbələdə

Xəbərlər
22 Aprel 2024 12:19
170
İki klubun möcüzə xəyalı bitib: Diqqətlər Qəbələdə

Həftəsonu Azərbaycan Premyer Liqasının XXXI turun matçları keçirilib.

İdman.biz xəbər verir ki, baş tutan görüşlərdən sonra bəzi suallara tam aydınlıq gəlib.

İki komanda – “Araz-Naxçıvan”la “Kəpəz”in avrokuboklar şansı rəsmən bitib. Hər iki klub son 5 turda qələbə qazansa belə hətta 4-cü yerə sahib çıxa bilməyəcək.

Bu isə o deməkdir ki, Premyer Liqadan Avropaya getmək üçün mübarizə "Zirə”, “Sumqayıt”, “Neftçi”, “Səbail” və “Turan Tovuz” arasında gedəcək. Kubokda mübarizəni davam etdirən “Qəbələ”də üç vəsiqədən birinə iddiasını qoruyur.

Düzdür, Naxçıvan təmsilçisi hazırda “dördlük”də olan “Neftçi”ni keçmək üçün nəzəri şansını saxlayır. Amma “ağ-qaralar”ın 5-ci yerdəki “Sabah”la görüşünün qalması Muxtar Respublika təmsilçisinin möcüzə xəyalının üstündən xətt çəkir.

Amma Elmar Baxşıyevin yetirmələri üçün finiş heç də formal olmayacaq. “Araz-Naxçıvan” hələ Premyer Liqada yerini tam təmin etməyib. Debütant “Kəpəz” kimi aşağı liqaya düşməmək üçün bir uğurlu oyun keçirməlidir. Naxçıvanlılara özünün bir xal qazanması və ya Gəncə klubunun qələbəsi də yetərlidir. “Araz-Naxçıvan” yalnız “Kəpəz” və “Qəbələ” ilə eyni – 32 xala malik olacağı halda Premyer Liqanı tərk edə bilər. Bunun üçün “qırmızı-qaralar” 5 dəfə qalib gəlməli, naxçıvanlılar bütün görüşləri uduzmalı, “Kəpəz” yalnız bir xal qazanmalıdır. Üstəlik, “Qəbələ” Naxçıvan təmsilçisini böyük fərqlə udmalıdır.

Bu həftə “Qəbələ” öz meydanında “Kəpəz”i qəbul edəcək. Autsayder qalib gəlməsə, sonuncu yerin sahibi bu tur dəqiqləşəcək. Bir sözlə, I Liqaya düşəcək komanda Qəbələdə rəsmiləşə bilər.

Qeyd edək ki, XXXII turun matçları aprelin 27-29-da keçiriləcək.

İdman.biz

Məqalədə: