Samir Əliyev: “Kənardan nə qədər qışqırsaq da, çətindir”

Xəbərlər
26 Mart 2024 18:53
380
Samir Əliyev: “Kənardan nə qədər qışqırsaq da, çətindir”

“Qrupun liderinə qarşı oynayırdıq. Ukrayna futbolu həmişə öndə olub, orada yaxşı futbolçular yetişib. Əbəs yerə 6 oyuna 18 xal toplamayıblar”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan U-21 yığmasının baş məşqçisi Samir Əliyev deyib.

Gənc mütəxəssis Avropa çempionatının seçmə mərhəsində Ukraynaya məğlubiyyətə şərh verib. Əliyev komandalar arasındakı fərq barədə danışıb: “Çox güclü rəqibə qarşı oynadıq. Bundan öncə də İngiltərə ilə oynamışdıq. Futbolçuları bu matça fiziki və psixoloji cəhətdən hazırlamaq çətin oldu. Rəqibin qoluna kimi müqavimət göstərirdik. Qol buraxdıqdan sonra da yüz faizlik epizodumuz oldu. Nəriman Axundzadə yararlana bilsəydi, bəlkə başqa cür olardı. Hesab 0:2 olandan sonra futbolçular dərk edir ki, artıq oyunu çevirmək çətin olacaq. Oyunçularımız I Liqada, əvəzedici heyətdə çıxış edir. Rəqibin futbolçuları Ukrayna Premyer Liqasında oynayırsa, kənardan nə qədər qışqırsaq da, çətindir. Bundan əlavə bizdə Premyer Liqa təcrübəsi olan Veysəl Rzayev, Fərid Yusifli yox idilər. Abdulla Rzayev 52 gündür məşq etmirdi, zədəli olub. Bir həftədir məşqlərə başlayıb. Ona şans verdik. Amma gördük ki, hələ hazır deyil. Bizim kimi komandalarda 3-4 nəfər olmayanda əziyyət çəkirik. Artıq görəndən sonra ki, oyunu çevirə bilməyəcəyik, daha gənc futbolçuları meydana buraxdıq”.

U-21-in baş məşqçisi üzləşdikləri çətinliklər barədə məlumat verib: “Baş məşqçi təyin olunandan sonra düşünürdüm ki, bu futbolçular Premyer Liqada oynayacaq. Çünki onların potensialını bilirik. Amma zaman keçdikcə görürük ki, heç kim oynamır. Ukrayna ilə ötən ilin noyabr ayında oynamışdıq. 4 ay fasilə olanda çətinlik çəkirik. İyul ayında UEFA-nın pəncərəsi var. Yoldaşlıq görüşləri nəzərdə tutulub. Başqa turnirlər də var. AFFA-ya yeni rəhbərlik gələcək. Maliyyə lazımdır. Həmin pəncərə zamanı mütləq oyunlar keçirməliyik”.

Qeyd edək ki, Azərbaycan yığması 4 gün ərzində İngiltərəyə 1:5, Ukraynaya 0:3 hesabı ilə uduzub.

İdman.biz