Bizim Qrizmannlar - TƏHLİL

Təhlil
25 Mart 2024 15:17
579
Bizim Qrizmannlar - TƏHLİL

Milli komandaların martda keçirilən oyunları Antuan Qrizmannın seriyasının qırılması ilə əlamətdar olub.

İdman.biz xəbər verir ki, Fransa yığmasının ardıcıl 84 oyununda iştirak edən hücumçu 7 ildən sonra millinin matçından kənarda qalıb.

Bu seriya futbol tarixinə ikinci kimi düşüb. Antuan ispaniyalı qapıçı Andoni Subisarettanın rekordundan iki oyun geri qalıb.

Təbii ki, Azərbaycan millisinin də öz rekordçuları var. Yığmamızda fasiləsiz oyunlar keçirən 5 futbolçunu təqdim edirik.

Rasim Abışov – 35 oyun

Əsası 1992-ci ildə qoyulan Azərbaycan millisinin rekordçusunun kimliyi bəlkə də çoxlarının ağlına gəlməzdi. Rasim Abışov ardıcıl 35 matçda millinin formasını geyinib. O, 1994-cü ilin dekabrından 1998-ci ilin oktyabrına qədər bütün qarşılaşmaların iştirakçısı olub. Baş məşqçi postunda Ağasəlim Mircavadovu Kazbek Tuayev, sonuncunu Vaqif Sadıqov əvəzləsə də, Abışovun əvəzləyən olmayıb. Seriyası bitən vaxt 35 yaşında olan Rasimin özü də klublarını dəyişib. "Qarabağ"dan "Neftçi"yə, Bakı klubundan Stavropol "Dinamo"suna keçən arxa xətt oyunçusu bu 35 oyunun 33-də start heyətində yer alıb. Hətta 5 dəfə kapitan kimi meydana çıxıb və 2 qola da imza atıb.

Vyaçeslav Lıçkin – 32 oyun

Abışovla eyni vaxtda millinin daha bir daimi üzvü olub. Vyaçeslav Lıçkinin seriyası bir neçə ay gec – 1995-ci ilin aprelində başlayıb. Yığmada debüt edən yarımmüdafiəçi ilk görüşdən aparıcı simaya çevrilib və 1998-ci ilin oktyabrına qədər bütün görüşlərdə şans qazanıb. O, 32 oyunu əhatə edən seriyada 29 dəfə start heyətində yer alıb. Vyaçeslavın hesabında 3 qol da olub. Rasim kimi eyni üç baş məşqçinin rəhbərliyi altında millinin əsas simalarından olan Lıçkin bu müddətdə xeyli klub dəyişib. "Neftçi", "Trabzonspor", TPS, "Kəpəz" və "Tümen"i bir-birinə dəyişməsi onun yığma karyerasına təsir etməyib.

Qara Qarayev – 31 oyun

Millinin son dövrlərdə oynamış futbolçuları arasında rekordçu Qara Qarayevdir. Onun ötən əsrdə yığmanın lideri olanlardan bir neçə oyun ayırır. Yarımmüdafiəçi 2016-cı ilin mayından 2019-cu ilin sentyabrında qədər ardıcıl 31 görüşdə şans qazanıb. Robert Prosineçki, ardınca Qurban Qurbanov və Nikola Yurçeviç onu daim heyətdə görüb. Həmin dövrdə "Qarabağ"da çıxış edən Qara 31 matçın 28-də start heyətdə yer alıb.

Emin Mahmudov – 31+ oyun

Qaraya məxsus olan üçüncü göstərici elə üç gün öncə təkrarlanıb. Millinin indiki kapitanı Emin Mahmudov yığmanın ardıcıl 31-ci matçında iştirak edib. Monqolustanla görüşə (1:0) də kapitan kimi çıxan yarımmüdafiəçi seriyası davam edən oyunçularımız arasında rekordçudur. Bugünkü qarşılaşmada Bolqarıstana qarşı oynamaqla Emin Lıçkinə də çatacaq. Dünənki mətbuat konfransında iştirakı da meydana çıxacağından xəbər verirdi. Rasimin rekorduna üç matçı qalan Mahmudov 2021-ci ilin marından millinin bütün oyunlarında meydanda olub. Əvvəl Canni de Byazi, indi Arif Əsədov komandanı onsuz görmür. 31 matçın hamısına start heyətində çıxan yarımmüdafiəçi bu müddətdə "Neftçi"də çıxış edir. 15 dəfə komandanı meydana kapitan sarğısı ilə daşıyan Emin 12 qolunu da bu seriyada vurub. O, potensial olaraq nəinki Rasimin Azərbaycan rekordunu, hətta Qrizmann və Subisarettaya məxsus dünya rekordlarını – biri ümumilikdə, biri sahə oyunçuları arasında – qırmağa da namizəddir. Təbii ki, yaşı və fiziki imkanları mane olmasa. Amma 32 yaşlı futbolçu ən azı İFFHS-in "40+"i əhatə edən siyahısına qədər irəliləyə bilər.

Aslan Kərimov – 30 oyun

Ardıcıl ən azı 30 oyunda iştirak edən 5-ci futbolçu Aslan Kərimovdur. Onun seriyası 2005-ci ilin yanvarında uzaq Trinidad və Tobaqoda başlayıb. Həmin dövrdə "Qarabağ"ın əvəzolunmaz simalarından olan futbolçu millidə Karlos Alberto Torres, Vaqif Sadıqov və Şahin Diniyevin rəhbərliyi altında ardıcıl 30 görüşdə oynayıb. Bunların 29-na start heyətində çıxan Kərimov 17 dəfə kapitan kimi meydana daxil olub. Onun seriyasını isə bir qımızı vərəqə qırıb. Portuqaliya ilə Bakıdakı görüşdə Kriştiano Ronaldoya qarşı hərəkətə görə alınan vərəqə kapitan üçün seriyanın "30"da qalması ilə nəticələnib.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: