“Trabzonspor” - “Fənərbaxça” oyununa görə 12 nəfər saxlanılıb

Xəbərlər
18 Mart 2024 12:26
201
“Trabzonspor” - “Fənərbaxça” oyununa görə 12 nəfər saxlanılıb

Türkiyə Super Liqasının XXX turunun “Trabzonspor” - “Fənərbaxça” matçının gedişində və oyundan sonra yaşanan qalmaqalla bağlı ilkin addım atılıb.

İdman.biz xəbər verir ki, qardaş ölkənin Daxili İşlər Nazirliyi tərəfindən məsələ ilə bağlı 12 nəfər saxlanılıb.

Onlar qalmaqalın böyüməsində xüsusi fəallıq göstərməkdə günahlandırılırlar.

Qeyd edək ki, oyunboyu meydana pirotexniki vasitələr atan azarkeşlərin hərəkətləri matçın bir neçə dəfə dayandırılması ilə nəticələnib. “Trabzonspor”un künc zərbəsi zamanı qonaqların cərimə meydanın atılan yanan əşyalar Edin Dzekonun yerə yıxılmasına gətirib çıxarıb. Nəticədə matç bir neçə dəqiqəlik dayanıb.

Az keçmədən hücum edən “Fənərbaxça”nın digər üzvü Duşan Tadiç kənar əşyaların “qurbanı” olub. Onun yerdə qalması üzündən bu dəfə də oyunda məcburi fasilə yaranıb.

Köməkçi hakim Kerem Ersoy da pirotexniki vasitələrdən zərər çəkənlərə qoşulub. Baş hakim Halil Umut Meler briqadasını yanına çağırdıqda da oyunda fasilə yaranıb. Stadionda tamaşaçılara belə hərəkətlərə yol verməməklə bağlı müraciətdən sonra qarşılaşma davam edib.

Amma azarkeşlər oyundan sonra da dayanmayıb. Trabzon təmsilçisinin məğlubiyyətindən narazı fanatlar meydana daxil olublar.

Matç qonaqların 3:2 hesablı qələbəsi ilə nəticələnib.

İdman.biz