Bu yay “Qarabağ”dan ayrılaraq Səudiyyə Ərəbistanının “Əl-Uruba” klubuna keçən Abdullah Zubir gözlənilməz vəziyyətlə üzləşib.
İdman.Biz “L'Équipe” nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı çempionatında çıxış etməsi mümkün olmayacaq. Buna səbəb “Əl-Uruba”nın onun müqaviləsini maliyyə təminatı ilə bağlı tələbləri yerinə yetirə bilməməsi olub. Nəticədə Zubirin müqaviləsi liqa tərəfindən qeydiyyata alınmayıb.
Zubir “Əl-Uruba” ilə razılığa gəldikdən sonra “Qarabağ” rəhbərliyi onun Səudiyyə Ərəbistanına keçidinə şərait yaratmaq üçün futbolçu ilə yollarını ayırdı. Lakin transferin son mərhələsində yaranan problem səbəbindən müqavilə rəsmiləşməyib.
Beləliklə, uzun illər “Qarabağ”ın əsas futbolçularından biri olan Zubir hazırda azad agent statusundadır.
Fransalı vinger 2018-ci ildən 2026-cı ilə qədər “Qarabağ”ın heyətində 379 oyuna çıxıb, 79 qol vurub və 96 məhsuldar ötürmə edib. O, ötən mövsüm Ağdam klubunun heyətində Çempionlar Liqasının qrup oyunlarında və pley-off mərhələsində oynayıb.
Hazırda Zubirə hansı klubların maraq göstərdiyi barədə rəsmi məlumat yoxdur. Futbolçu da yaranmış vəziyyətlə bağlı hələlik açıqlama verməyib.
