Rakitiç “Barselona”nı Çempionlar Liqasının əsas favoriti sayır

9 Sentyabr 2026 00:33
66
Rakitiç “Barselona”nı Çempionlar Liqasının əsas favoriti sayır

“Barselona”nın sabiq futbolçusu İvan Rakitiç kataloniyalıların cari mövsüm Çempionlar Liqasını qazanmaq üçün yaxşı şanslarının olduğunu düşünür.

İdman.Biz SPORT nəşrinə istinadən xəbər verir ki, Rakitiç turnirin əsas favoritləri arasında keçmiş komandasını görür.

“Düşünürəm ki, bu, “Barselona”nın ili olacaq”, – deyə Rakitiç bildirib.

Xorvatiyalı futbolçunun fikrincə, hazırkı heyətdə keyfiyyət, gənclik və sabitlik baxımından Avropanın əsas klub turnirində qalib gəlmək üçün lazım olan hər şey var.

Rakitiç Hansi Flikin də komanda ilə gördüyü işi yüksək qiymətləndirib:

“Hansi ilə hər şeyin yaxşı getdiyi açıq-aydın görünür. Flik əla məşqçidir”.

Rakitiç “Barselona” ilə yanaşı, PSJ, “Bavariya” və “Real Madrid”i də turnirin əsas iddialıları sırasında göstərib.

“Əlbəttə, PSJ-ni diqqətdə saxlamaq lazımdır. Mövsümün əvvəlində ən yaxşı səviyyələrində olmasalar belə, böyük potensiala malikdirlər. Əminəm ki, turnir irəlilədikcə ən yaxşı səviyyələrinə qayıdacaqlar.

Adətən həm “Bavariya”, həm də “Real Madrid” son mərhələlərdə olmalıdır. Premyer Liqa komandalarını da unutmaq olmaz. Şübhəsiz ki, bu, xüsusi və çox rəqabətli Çempionlar Liqası olacaq”, – deyə Rakitiç fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, Rakitiç Çempionlar Liqasını 2015-ci ildə “Barselona” ilə qazanıb. Kataloniya klubu həmin il finalda “Yuventus”u 3:1 hesabı ilə məğlub edib və xorvatiyalı yarımmüdafiəçi görüşdə komandasının ilk qolunu vurub. Bu, “Barselona”nın sonuncu Çempionlar Liqasındakı zəfəridir.

“Barselona” sentyabrın 9-da “Spotify Kamp Nou”da “Feyenoord”u qəbul edəcək.

İdman.Biz