“Qarabağ”a bir xal yetər: Çempionluq üçün - TƏHLİL

Təhlil
18 Mart 2024 10:33
1 127
“Qarabağ”a bir xal yetər: Çempionluq üçün - TƏHLİL

Azərbaycan Premyer Liqasında III dövrə başa çatıb.

İdman.biz xəbər verir ki, XXVII tur “Qarabağ”ı çempionluğa daha da yaxınlaşdırıb.

Qurban Qurbanovun yetirmələri səfərdə “Turan Tovuz”a 3:1 hesabı ilə qalib gəlib. Mükafatlara iddialı olan və avrokubok xəyalı ilə yaşayan Tovuz təmsilçisi kimi “Sumqayıt” və “Səbail” də turu xalsız başa vurub.

26 xallıq üstünlük
Turnir cədvəlinə 66 xala malik “Qarabağ” başçılıq edir. “Sabah”la “Neftçi” liderdən nə az, nə çox hərəyə 26 xal geri qalır. 40 xala malik Bakı klublarını “Zirə” ilə “Sumqayıt” qarabaqara izləyir. Bu iki komandanın hesabında 39 xal var. “Səbail” 37, “Turan Tovuz” 35 xala malikdir.

Üç komanda çempionluqla vidalaşdı
XXVII turun nəticələrindən sonra daha üç komanda çempionluq şansı ilə vidalaşıb. “Turan Tovuz”, “Səbail” və “Sumqayıt” qızıl medal qazanmaq üçün nəzəri şanslarını da itirib. Bu komandalar hətta 9 qələbə qazansalar da, “Qarabağ”ın xalsız qalmasından yararlana bilməyəcək. Düzdür, Sumqayıtın eyniadlı təmsilçisi xal baxımından liderə çatacaq. Amma şəxsi oyunların nəticələri Samir Abasovun komandasının çempionluq xəyalının üstündən xətt çəkir.

Yalnız üç rəqib qaldı
Finişə 1 dövrə, yəni 9 tur qalmış yalnız üç komanda “Qarabağ”ın çempionluğuna mane ola bilər. Bunlar “Sabah”, “Neftçi” və “Zirə”dir. Bakı klubları bundan sonrakı bütün görüşlərdə qalib gəlməlidir. Bu azmış kimi Ağdam klubu da xal qazanmamalıdır. Zirəlilər bu yolla liderə çatmış olacaq və şəxsi görüşlərdə üstünlük qazanmaq üçün gərək əsas rəqibini böyük hesabla məğlub etsin.

“Qarabağ” mükafat qazandı: Artıq Avropada
“Qarabağ”ı keçmək imkanına malik üç komanda olsa da, onlardan yalnız biri bunu bacaracaq. Çünki “Sabah”, “Neftçi” və “Zirə”nin öz aralarında da oyunlar olacaq. Hər üç komanda 27 xal toplamalı və “Qarabağ”ın 9 məğlubiyyət almasını gözləməlidir. Amma Bakı klublarından yalnız biri 27 xal yığa bilər. Ona uduzan digər ikisi bunu bacarmayacaq.
Bu, o deməkdir ki, “Qarabağ” ən azı gümüş medalı təmin edib. Mükafatçılar sırasında yerini rəsmiləşdirən Ağdam klubu bununla da avrokuboklara vəsiqə qazanıb.

Dövrənin startı
IV dövrə milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra keçiriləcək. “Qarabağ” öz meydanında qonaq olacaq. Qurban Qurbanovun yetirmələri Premyer Liqada qalmağa çalışan “Kəpəz”lə Tofiq Bəhramov adına Respublika stadionunda görüşəcək. Martın 29-31-dəki turda izləyicilərdən ikisi “Sabah”la “Zirə” görüşəcək. “Neftçi” isə Qəbələdə qonaq olacaq. Dövrənin startındakı digər iki matç çempionluq baxımından əhəmiyyətsizdir.

Uduzma, çempion ol!
İlk baxışdan “Qarabağ”a çempionluğu XXVIII turda rəsmiləşdirmək üçün qələbə lazım olduğunu düşünmək olar. Amma əslində çempionluq üçün bir xal da yetər. Qurbanovun komandası “Kəpəz”ə uduzmasa, qızıl medallar sahibini tapacaq.
Heç-heçə ilə “Qarabağ”ın xal sayı 67-uə yüksələcək. Nəzəri cəhətdən “Sabah”la “Neftçi” mövsümü eyni sayda xalla bitirə bilər. Amma şəxsi oyunlarda paytaxtın hər iki təmsilçisi ağdamlılara uduzur. Bir xal qazanacaq lider “Zirə” üçün əlçatmaza çevriləcək.

Məğlubiyyətlə də çempionluq olar
Uzun illərdir “Kəpəz”ə uduzmayan “Qarabağ” hətta uduzsa da çempionluğu rəsmiləşdirə bilər. Bunun üçün “Sabah”, “Zirə” və “Neftçi”dən heç biri qalib gəlməməlidir. “Ağ-qaralar” Qəbələdən xal itkisi ilə dönməlidir. Digər iki komanda arasındakı paytaxt derbisi isə heç-heçə bitməlidir.

Qurbanova 2-ci ulduz
“Qarabağ”ın XXVIII turda uduzmaq ehtimalı çox aşağıdır. Sensasiya olmasa, ağdamlılar tarixində 11-ci çempionluğu qazanacaq. Loqosuna 10-cu çempionluqda 2-ci ulduz əlavə edən komanda 3-cü “beşliy”ə doğru hərəkətə keçəcək. Bu, ardıcıl üçüncü qızıl medal olacaq. Son 11 ildə qazanılacaq 10-cu zəfər Qurbanovun çempionluq sayını da 10-a çatdıracaq.

Vüqar Xeyrullayev
İdman.biz