Bəxtiyar Həsənəlizadə: “Ramil Şeydayevlə qısa söhbətimiz oldu, ona çətindir”

Müsahibə
11 Mart 2024 16:40
Bəxtiyar Həsənəlizadə: “Ramil Şeydayevlə qısa söhbətimiz oldu, ona çətindir”

“Zədədən sonra oynamaq çətin idi. “Kocaelispor” səfəri olması bir qədər də vəziyyəti ağırlaşdırırdı. Şükürlər olsun ki, ciddi bir səhvim olmadı”.

Bunu İdman.bizə “Tuzlaspor”un və Azərbaycan millisinin futbolçusu Bəxtiyar Həsənəlizadə deyib.

31 yaşlı müdafiəçi Türkiyə 1-ci Liqasının 26-cı turunun “Kocaelispor”la oyununda qazandıqları 2:1 hesablı qələbəni şərh edib. O, matçın önəmindən və rəqibin heyətində Ramil Şeydayevə qarşı mübarizəsindən danışıb: “Qələbə qazandığımız üçün sevinirik. Bizə xallar çox vacibdir. Onlar da üst pillələrə oynadıqları üçün qələbə qazanmaq istəyirdilər. Heç-heçə belə bizim üçün “Kocaelispor” səfərində uğurlu sayılacaqdı. Ramilə qarşı mübarizə aparmaq xoş idi. Oyunun gedişində fasilə yaranan kimi onunla hal-əhval da tutduq. Matçdan sonra isə qısa söhbətimiz oldu”.

Həsənəlizadə azərbaycanlı futbolçuların Türkiyə 1-ci liqasında çıxışını da dəyərləndirib. Onun sözlərinə görə, onları uğurlu adlandırmaq olar: “Məncə, Coşqun Diniyev, Vüsal İsgəndərli inamlı çıxış edirlər. Sərtan Taşkın bəzi oyunlarda qırmızı vərəqə alsa da, əsas heyətdə oynayır. Ramilin də çətin vəziyyətə düşməsinin səbəbi yəqin ki, uyğunlaşmadır. “Kocaelispor” asan komanda deyil. Əsas heyətə düşmək üçün zaman lazım olacaq. Azarkeşləri də tələbkardır. Onların tələbi komandanın Super Liqaya çıxmasıdır. Buna görə də çətindir”.

Bəxtiyar Azərbaycan millisini “FİFA Series”də Monqolustan və Bolqarıstanla oyuna hələlik çağırılmadığını da deyib: “Zədədən sonra 1 matçda çıxış etmişəm. Qarşıda da 1 oyun var. Dəvət gözləyirəm. Amma hazırda diqqətimi çempionatdakı görüşlərə cəmləmişəm”.

Qeyd edək ki, Həsənəlizadə “Tuzlaspor”da 14 matçda 1 qol vurub.

Emin Ağa
İdman.biz