Azərbaycan çempionatında 34:0 hesablı darmadağın: Bir futbolçudan 15 qol

Xəbərlər
9 Mart 2024 16:22
215
Azərbaycan çempionatında 34:0 hesablı darmadağın: Bir futbolçudan 15 qol

Qadın futbolçular arasında Azərbaycan çempionatında qeyri-adi hesab qeydə alınıb.

İdman.biz xəbər verir ki, bu, AFFA-nın təşkilatçılığı ilə keçirilən Yüksək Qızlar Liqasının X turunda baş verib.

“Sumqayıt” Ağcabədinin "Olimpiya" klubunu 34:0 hesabı ilə məğlub edib. Qollardan 15-nə Şəfəq Nəsirova imza atıb.

Lakin çempionatın lideri bu qələbə ilə mövsümün rekorduna yaxınlaşa da bilməyib. Bunun üçün “Sumqayıt”a 18 top çatmayıb.

Yüksək Qızlar Liqasında cari mövsümün ən böyük hesablı nəticəsi III tura təsadüf edib. “Baku Juniors” “Olimpiya” (Ağcabədi) ilə səfər görüşündə 52 cavabsız qol vurub.

Qeyd edək ki, keçirdiyi 9 qarşılaşmanın hamısında qələbə qazanan “Sumqayıt” 27 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. Rəqib qapılarına 135 dəfə yol tapan Sabir Mütəllimovun yetirmələri yalnız 1 qol buraxıb. Bütün oyunlarda uduzan “Olimpiya” isə qol vurmadığı 9 görüşdə 211 dəfə topu qapısından çıxarıb.

İdman.biz

Məqalədə: