Bəxtiyar Musayev: “2:0 hesablı qələbə belə “Qarabağ”ı üstün tərəfə çevirməyəcəkdi”

Xəbərlər
9 Mart 2024 15:44
754
Bəxtiyar Musayev: “2:0 hesablı qələbə belə “Qarabağ”ı üstün tərəfə çevirməyəcəkdi”

“Qarabağ” gözəl oyun ilə hamını sevindirdi. Təssüflər olsun ki, güclü rəqibin məğlubiyyətsizlik seriyasını qıra bilmədik”.

Bunu İdman.bizə “Qarabağ”ın sabiq futbolçusu Bəxtiyar Musayev deyib.

50 yaşlı mütəxəssis Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın “Bayer”lə (2:2) oyununu şərh edib. O bildirib ki, qələbə üçün şans və güc çatmayıb: “Qarabağ”ın Azərbaycan çempionatında “Neftçi”yə qarşı matçında da fiziki yorğunluğu hiss olunurdu. Bəxt və yorğunluq qalib gəlməyimizə imkan vermədi. Xabi Alonso həmişəki kimi heyətdə rotasiya etmişdi. Onların əsas məqsədlərindən biri Almaniyada çempionluqdur. Qurban Qurbanovun komandasının ilk hissədə onlara şans verməməsi, qat-qat yaxşı futbol oynaması ispaniyalını dəyişikliklər etməyə məcbur etdi. “Qarabağ” oyunboyu komanda şəklində əla təsir bağışladı. Demək olar ki, zəif təsir bağışlayan olmadı. Amma ayrıca olaraq, Olavio Joninyo, Yassin Benzia, Marko Veşoviç, Marko Yankoviçi qeyd edərdim. Həm koamanda oyununda, həm də fərdi olaraq bütün futbolçularımız əllərindən gələni etdilər”.

Musayev cavab qarşılaşmasında Azərbaycan çempionunu çətin oyun gözlədiyini deyib: “Bayer”in gücünü bütün dünya bilir. Hamı onlardan danışır. Hazırda Avropada ən formada olan komandadır. 2:0 hesablı qələbə belə bizi üstün tərəfə çevirməyəcəkdi. Hesab 2:2 bitdi. Çətin olacaq. Ümid edirəm ki, “Qarabağ” daha bir möcüzəni gerçəkləşdirər və növbəti mərhələyə adlayarıq. Buna inanmaq istərdim. Amma təssüflər olsun ki, şansımız çox azdır”.

Qeyd edək ki, “Qarabağ” “Bayer”lə cavab qarşılaşmasına martın 14-də çıxacaq.

Emin Ağa
İdman.biz