İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel Millətlər Liqasında komandaların üz-üzə gələcəyi oyun öncəsi İspaniyanın güclü tərəflərini qiymətləndirib.
İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis İspaniya millisinin əsas üstünlüklərindən birinin topa nəzarət etmək bacarığı olduğunu bildirib.
“Düşünürəm ki, ümumilikdə topa sahib olmaq onlara üstünlük verir. Təkcə bizə qarşı yox, istənilən komandaya qarşı. Onlar belə oynayırlar, futbolları bunun üzərində qurulub. Onlar məhz bu cür məşq edirlər və futbolçu kimi belə tərbiyə olunublar. Bu, birdəfəlik onların oyununun bir hissəsidir”, - Tuxel deyib.
İngiltərə millisinin çalışdırıcısı rəqibin müdafiəsinin etibarlılığını və ispan qapıçıların yüksək səviyyəsini də qeyd edib.
“Onların dünya səviyyəli qapıçıları var - eyni anda üç nəfər. Lakin bununla belə, onların qapıçıları demək olar ki, çox işləməli olmurlar. Dünyanın istənilən komandası üçün İspaniyaya qarşı epizodlar yaratmaq çox çətindir. Bizim planımız və iddiamız var və əksini sübut etmək istəyirik. Qaydadan kənar istisna olmaq istəyirik”, - mütəxəssis əlavə edib.
İngiltərə və İspaniya milliləri bu gün Millətlər Liqası çərçivəsində “Uembli” stadionunda qarşılaşacaqlar.
