Rekordçular yenidən üz-üzə - TƏHLİL

Təhlil
28 Fevral 2024 13:11
611
Rekordçular yenidən üz-üzə - TƏHLİL

Bu gün Azərbaycan Premyer Liqasında bir oyun keçiriləcək.

İdman.biz xəbər verir ki, XXIII turdan təxirə salınan matçda “Qarabağ” “Qəbələ”nin qonağı olacaq.

Çempionatın lideri ilə autsayderinin görüşü həm də Kaxaber Tsxadadzenin Qəbələnin eyniadlı təmsilçisindəki debütü ilə yadda qalacaq. 9 ildən sonra Azərbaycana qayıdan gürcüstanlı mütəxəssis ilk matçında Qurban Qurbanovla duelə çıxacaq.

Premyer Liqanın rekordçuları
Qəbələdəki qarşılaşma Azərbaycan çempionatları tarixinin iki rekordçu məşqçisinin dueli olacaq. Ən yaxşı yerli və legioner baş məşqçilər uzun fasilədən sonra üz-üzə gələcək. “Qarabağ”la 9 çempionluq qazanan Qurbanov Premyer Liqadakı oyun, qələbə və mümkün olan bütün göstəricilərdə rekordların sahibidir. Son illərin dominantı 10 mövsümdən yalnız birində gümüşlə kifayətlənib. Tsxadadze isə legionerlər arasında bütün rekordları özəlləşdirən mütəxəssisdir. “İnter”dəki (indiki “Şamaxı”) 6 mövsümdə 1 qızıl, 2 gümüş və 2 bürünc qazanan gürcüstanlı “Standard”da da çalışıb. 3-cü komandasında debüt edəcək rekordçu Azərbaycanda çempion olan sonuncu əcnəbi baş məşqçidir.

Gürcüstandan başlayan rəqabət
Qurbanovla Tsxadadze hələ uzaq 1991-ci ildə rəqib olublar. Onların müvafiq olaraq formasını geyindiyi “Alazani” və “İberiya” Gürcüstan çempionatında eyni liqada oynayıblar. Lakin onların əsl rəqabəti baş məşqçi “amplua”sında olub. İlk belə qarşılaşma 2008/09 mövsümünə təsadüf edib.

Qurbanovun “Qarabağ”ına ilk yaşadan Tsxadadze
2008-ci ilin yayında “Qarabağ”ın baş məşqçisi təyin olunan Qurbanov debütdəki iki matçda uduzmayıb. Ağdam klubu 2008/09 mövsümünə qələbə, ardınca heç-heçə ilə başlayıb. İlk məğlubiyyət III turda Tsxadadzenin çalışdırdığı “Standard”la görüşə təsadüf edib – 1:2. Qurbanovlu “Qarabağ”a ilk məğlubiyyəti yaşadan gürcüstanlı qışda klubu tərk etdiyi üçün ikinci dövrədəki duel baş tutmayıb.

15 ay sonra təkrarlanan nəticə
2008-ci ilin sonunda “Standard”dan gedən gürcüstanlı yarım il sonra “İnter”ə gəlib. Mütəxəssis Qurbanovla ilk duelə 2009-cu ilin noyabrında çıxıb. Bu dəfə də Tsxadadzenin komandası “Qarabağ”a eyni – 2:1 hesabı ilə qalib gəlib. 15 ay sonraya təsadüf edən bu oyunla iki mütəxəssis arasında duellərə start verilib.

Qurbanovun Tsxadadze önündə böyük üstünlüyü
“Qarabağ”la “İnter” bu iki mütəxəssisin eyni vaxtda baş məşqçi olduğu müddətdə çempionatda 6 mövsüm rəqabət aparıb. Qurbanovla Tsxadadze bu görüşlərdə 24 dəfə üz-üzə gəlib. İlk matçda legioner qalib gəlsə də, sonradan Qurbanov böyük üstünlük qazanıb. Onun rəhbərlik etdiyi “Qarabağ” “İnter”ə 11 dəfə qalib gəlib. Bakı klubu isə ilk duellə birlikdə cəmi 3 dəfə qələbəyə sevinib. 10 görüş sülhlə bitib. “Qarabağ” 27, “İnter” 13 qol vurub.

Qələbəylə vida
“İnter”dəki debüt mövsümündə çempionluq yaşayan Tsxadadze 2014/15 mövsümünün sonuna bir tur qalmış, artıq gümüş medal təmin olunduqdan sonra istefa verib. Onun Bakı klubundakı son görüşü də “Qarabağ”a qarşı olub. Maraqlıdır ki, iki mütəxəssisin həm ümumi, həm “İnter”lə ilk duelində olduğu kimi bu dəfə də Sxadadzenin komandası artıq çempionluğu təmin edən “Qarabağ” üzərində 2:1 hesablı qələbə qazanıb. Qurbanov sanki qonaqpərvərlik göstərirmiş kimi ilk və son matçlarda uduzduğu Sxadadzeni bu duellər arasında olan dövrdə üstələyib. Gürcüstanlının iki klubla birlikdə Qurbanova qarşı baş tutan ümumilikdə 25 duelindən 11-də “Qarabağ”, 4-də Bakı təmsilçiləri qalib gəlibsə, 10 dəfə heç-heçə qeydə alınıb. 25-ci dueldən 3204 gün sonra mütəxəssislər Qəbələdə görüşəcək.

Qurbanovla Tsxadadzenin komandalarının duelləri:
23.08.2008. Standard – Qarabağ - 2:1
07.11.2009. İnter – Qarabağ - 2:1
17.02.2010. Qarabağ – İnter - 1:1
27.03.2010. Qarabağ – İnter - 1:1
01.05.2010. İnter – Qarabağ - 0:1
11.09.2010. İnter – Qarabağ - 1:0
04.12.2010. Qarabağ – İnter - 1:0
12.03.2011. İnter – Qarabağ - 0:2
24.04.2011. Qarabağ – İnter - 1:0
14.08.2011. Qarabağ – İnter - 1:0
20.11.2011. İnter – Qarabağ - 0:0
07.04.2012. İnter – Qarabağ - 1:1
05.05.2012. Qarabağ – İnter - 1:0
05.08.2012. İnter – Qarabağ - 1:1
03.03.2013. Qarabağ – İnter - 0:0
13.04.2013. Qarabağ – İnter - 3:2
09.05.2013. İnter – Qarabağ - 0:0
04.08.2013. İnter – Qarabağ - 1:2
20.12.2013. Qarabağ – İnter - 2:0
16.03.2014. İnter – Qarabağ - 0:3
07.05.2014. Qarabağ – İnter - 4:1
16.08.2014. Qarabağ – İnter - 0:0
29.10.2014. İnter – Qarabağ - 0:0
02.04.2015. Qarabağ – İnter - 0:0
22.05.2015. İnter – Qarabağ - 2:1

Vüqar Xeyrullayev
İdman.biz