Azərbaycanın U-20 millisinin baş məşqçisi Rui Jorje ölkəmizdəki fəaliyyəti ilə bağlı təəssüratlarını bölüşüb, yığmanın 2027-ci ildə keçiriləcək dünya çempionatındakı perspektivlərini dəyərləndirib və böyük yaşlı komandalarla işləmək barədə düşüncələrini açıqlayıb.
İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis Lusa agentliyinə müsahibəsində Azərbaycandakı ilk xarici təcrübəsinin uğurlu keçdiyini bildirib. Portuqaliyanın U-21 millisində 14 ildən çox çalışan 53 yaşlı məşqçi xüsusilə azərbaycanlı gənc futbolçuların məşqlərə münasibətindən razı qaldığını vurğulayıb.
“İşimdən zövq almağıma və qürur duymağıma səbəb olan başqa bir məqam da öyrənməyə böyük həvəsi olan bir qrup gənclə işləməyimdir. Ola bilsin ki, indiyədək onların Portuqaliyadakı futbolçuların sahib olduğu imkanları olmayıb. Buna baxmayaraq, bu iş mənə böyük məmnunluq verir. Onların marağını və hər şeyi necə həvəslə etməyə çalışdıqlarını görmək xoşdur”, – deyə portuqaliyalı mütəxəssis bildirib.
Bununla belə, Jorje 2027-ci ildə dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin hazırkı imkanlarını ehtiyatla qiymətləndirir. Onun fikrincə, komanda hələlik bu miqyaslı yarışda çıxış etmək üçün lazımi səviyyəyə çatmayıb. Məşqçi əsas məqsədinin böyük qələbələr vəd etmək deyil, gənc futbolçuların inkişafına kömək göstərmək və rəqabətədavamlı kollektiv formalaşdırmaq olduğunu bildirib.
“Əvvəldən dedim ki, əgər onlar dünya çempionatını qazanacağına və ya oyunlarda mütləq qalib gələcəyinə söz verən məşqçi axtarırlarsa, mənimlə işləməməlidirlər. Ancaq məqsədləri gənc futbolçuların inkişafına kömək edəcək, onlara vahid komanda kimi oynamağı öyrədəcək mütəxəssis tapmaqdırsa, mənə güvənə bilərlər. Sonda da belə oldu”, – deyə Jorje Azərbaycan tərəfi ilə danışıqlarını xatırlayıb.
Bununla yanaşı, mütəxəssis Azərbaycan futbolunda istedadlı gənclərin olduğunu düşünür. O, xüsusilə “Qarabağ”ın 16 yaşlı futbolçusu Əli Bəşirovu fərqləndirərək onun potensialını yüksək qiymətləndirib.
Portuqaliyalı məşqçinin sözlərinə görə, Bəşirov həm Portuqaliyada, həm də dünyanın digər ölkələrində 2010-cu il təvəllüdlü ən yaxşı futbolçuların səviyyəsinə tam uyğundur.
Bununla belə, Jorje vurğulayıb ki, istedadın olması uğurlu karyera üçün təkbaşına kifayət etmir. Futbolçunun inkişafında hazırlıq şəraiti və peşəkar yüksəliş imkanları da mühüm rol oynayır.
“Gənc futbolçular inkişaf üçün əlverişli şəraitdə yetişmirlərsə, təbii ki, bizim gənc oyunçularımızın çatdığı müstəsna səviyyəyə yüksələ bilməzlər. Görək bu futbolçular necə inkişaf edəcəklər, onların irəliləyişini necə təmin etmək mümkün olacaq və nə qədər yüksələ biləcəklər”, – deyə baş məşqçi qeyd edib.
Portuqaliyalı mütəxəssis gələcək karyerası ilə bağlı məsələyə də toxunub. O, uzun illik təcrübəsinə və klublardan aldığı təkliflərə baxmayaraq, böyük yaşlı komandalarla işləmək niyyətində olmadığını bildirib.
Jorje məşqçilik karyerası ərzində əsas komandaya cəmi iki dəfə rəhbərlik edib. Bu, 2008/2009 mövsümünün sonlarında, Jayme Paşekunun gedişindən sonra müvəqqəti olaraq “Belenenseş”in baş məşqçisi təyin edildiyi vaxt baş verib. Mütəxəssisin etirafına görə, o, həmin vəzifəni öz istəyi olmadan qəbul edib.
“Böyük yaşlı komandaları çalışdırmaq heç vaxt məqsədim və istəyim olmayıb. İnsanların hansısa birinin ən yüksək səviyyə hesab edilməyən pillədə işləməkdən, bundan böyük zövq almaqdan və özünü tam reallaşdırmış hiss etməkdən razı qala biləcəyini anlaması çətindir. Amma bu işi niyə gördüyümü daha necə izah edəcəyimi bilmirəm. Dəfələrlə demişəm ki, belə həyat tərzi məni cəlb etmir”, – deyə Azərbaycan millisinin məşqçisi bildirib.
Jorje müasir peşəkar futbolda baş məşqçilərin mövqeyinin nə dərəcədə sabit olması məsələsini də gündəmə gətirib. Onun fikrincə, mütəxəssisin nəticələrə görə cəmi bir neçə aydan sonra işini itirə bilməsi məşqçilik peşəsinin mahiyyəti barədə düşünməyə əsas verir.
“Futbola və müasir dövrdə əsas komandaların baş məşqçilərinin vəziyyətinə yenidən nəzər salmaq lazımdır. Əgər məşqçi istənilən nəticəni əldə edə bilmədiyinə və ya bir oyunda heç-heçə etdiyinə görə cəmi üç aydan sonra işsiz qala bilirsə, yüksək divizionda məşqçiliyi ümumiyyətlə peşə adlandırmaq olarmı?” – deyə portuqaliyalı mütəxəssis sual edib.
“Bu, mənim istədiyim həyat deyil. Buna görə də böyük yaşlı komandalarla işləmək heç vaxt məqsədim olmayıb və bu barədə heç düşünməmişəm”, – deyə o əlavə edib.
Jorje karyerası ərzində çoxsaylı təkliflər aldığını da təsdiqləyib. Bununla belə, həmin təkliflərdən yalnız biri – Lissabon “Sportinq”indən gələn müraciət ictimaiyyətə məlumdur. Bu barədə daha əvvəl klubun prezidenti Frederiku Varanndaş danışıb.
Məşqçi uzun illər Portuqaliya milli komandalarının strukturunda çalışmasına baxmayaraq, ölkəsinin əsas millisinin baş məşqçisi olmağa da heç vaxt can atmadığını bildirib. Onun sözlərinə görə, sabitliyə üstünlük verir və tez-tez iş yerini dəyişməyi sevmir.
“Dörd-beş il “Belenenseş”də çalışdım, daha sonra bütün bu illəri millidə keçirdim. Futbolçu olduğum vaxt da vəziyyət təxminən belə idi – uzun illər eyni klublarda çıxış edirdim. Bu, mənim həyat tərzim və işə yanaşmamdır. Müəyyən bir yerdə işləməkdən xoşum gəlirsə, mövqeyimi qorumaq və bu işə bütün gücümü vermək üçün əlimdən gələni edirəm. Adətən qarşı tərəf də mənə eyni münasibətlə cavab verir”, – deyə Jorje fikirlərini yekunlaşdırıb.
Qeyd edək ki, 2027-ci ildə keçiriləcək U-20 dünya çempionatına Azərbaycan və Özbəkistan ev sahibliyi edəcək. Ev sahibi ölkələrdən biri kimi turnirdə iştirak edəcək Azərbaycan millisi üçün bu yarış gənc futbolçuların potensialını beynəlxalq səviyyədə nümayiş etdirmək baxımından mühüm fürsət olacaq.
