“Hazırlıqlarımız planlaşdırdığımız kimi davam edir. Futbolçularımızın fiziki və psixoloji durumu yerindədir. Turnirin böyüklüyünü nəzərə alsaq, futbolçularda müəyyən həyəcan hiss olunur, lakin istəyimiz və motivasiyamız yerindədir”.
İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycanın U-16 futbol millisinin baş məşqçisi Famil Xəlilov FIFA U-15 Dünya Çempionatı və Festivalı öncesi hazırlıq prosesini dəyərləndirərkən deyib.
Mütəxəssis komandanın hədəflərini və bu beynəlxalq turnirin gənc futbolçular üçün əhəmiyyətini diqqətə çatdırıb:
“Məqsədimiz sadəcə iştirakçı olmaq deyil, meydanda sona qədər mübarizə aparıb, qələbə üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bu turnir həm gənc futbolçularımız, həm də Azərbaycan futbolu üçün böyük təcrübədir. Futbolçularımız beynəlxalq səviyyənin real təcrübələrini görəcəklər. Biz məşqçilər də onların gələcək inkişafı üçün hansı istiqamətdə daha çox işləməli olduğumuzu daha aydın təyin edəcəyik. Azərbaycan millisi FIFA U-15 Dünya çempionatına və festivalına hazırdır”.
Qeyd edək ki, Azərbaycanın U-15 millisi ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalında mübarizə aparacaq. Püşkatma zamanı yarışda iştirak edəcək 191 milli komanda 32 qrupa bölünüb. Qruplardan birində 5, digər 31 qrupda isə 6 komanda yer alıb.
Püşkatmanın nəticəsinə əsasən Azərbaycan millisi “AF” qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timorla birgə yer alıb. FIFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 22-dən 31-dək keçiriləcək. Komandalar 8-ə 8 formatında mübarizə aparacaq. Görüşlər hər biri 20 dəqiqə olmaqla iki hissədən ibarət olacaq.
