Fransa Liqası: “PSJ” liderləri izləyir, “Monako” isə zirvədəki mövqeyini qorumağa çalışır - İDMAN.BİZ-in İCMALI

17 Oktyabr 2026 14:28
104
Fransa Liqası: “PSJ” liderləri izləyir, “Monako” isə zirvədəki mövqeyini qorumağa çalışır - İDMAN.BİZ-in İCMALI

Fransa Liqa 1-də yeddinci turun oyunlarına start verilib. Turun əsas qarşılaşmaları Strasburqda, Loryanda və Parisdə keçiriləcək. Burada yerli “Strasbur” son çempion “PSJ”ni qəbul edəcək, “Monako” və “Renn” isə turnir cədvəlinin yuxarı pillələrindəki mövqelərini möhkəmləndirməyə çalışacaqlar.

İdman.Biz xəbər verir ki, altı turdan sonra Fransa çempionatında ilk pillələr uğrunda gərgin mübarizə gedir. 14 xal toplayan “Monako” məğlubiyyətsiz liderdir. “Lill” və “Renn” isə müvafiq olaraq ikinci və üçüncü yerləri tuturlar. Hər iki komandanın hesabında 13 xal var.

Onların ardınca 11 xalla “Lion”, “Paris” və “PSJ” gəlir. Son çempionun turnir cədvəlindəki mövqeyi xüsusilə diqqət çəkir. Paris təmsilçisi altı oyunun üçündə qələbə qazanıb, iki dəfə heç-heçə edib və bir dəfə məğlub olub. Buna baxmayaraq, “PSJ” lider “Monako”dan cəmi üç xal geri qalır.

VII tura oktyabrın 16-da keçirilən “Le-Man” – “Tuluza” matçı ilə start verilib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra “Tuluza” xallarının sayını 9-a çatdıraraq yeddinci pilləyə yüksəlib.

“Strasbur” – “PSJ”

Yeddinci turun mərkəzi qarşılaşmalarından biri “Stad de la Menau” stadionunda keçiriləcək. Burada “Strasbur” Parisin “PSJ” klubunu qəbul edəcək. Komandalar Fransa çempionatındakı fərqli nəticələrlə görüşə çıxacaqlar.

“Strasbur” yeddi xalla 12-ci yerdədir. Komanda iki qələbə qazanıb, bir heç-heçə edib və üç dəfə məğlub olub. “PSJ” isə 11 xalla altıncı pillədə qərarlaşıb.

Ev sahibləri mövsümə məhsuldar başlayıblar. Altı oyunda 11 qol vuran komanda müdafiədəki problemlər səbəbindən daha yüksək pillələrə qalxa bilmir. “Strasbur” indiyədək qapısında 12 qol görüb və bu göstəriciyə görə çempionatın ən çox qol buraxan komandalarından biridir.

Komanda əvvəlki turda səfərdə “Nitsa”ya 1:2 hesabı ilə uduzub. İndi Uqo Oliveyranın rəhbərlik etdiyi kollektiv azarkeşləri önündə uğursuzluğu unutdurmağa çalışacaq. Bununla belə, qarşıdakı rəqib heyətindəki futbolçuların səviyyəsinə görə “Strasbur”un əvvəlki rəqiblərinin əksəriyyətindən fərqlənir.

“PSJ” isə ardıcıl iki qələbədən sonra meydana çıxacaq. Komanda əvvəlki turda Luis Enrikenin rəhbərliyi altında “Le-Man”ı 3:1 hesabı ilə məğlub edib. Həmin görüşdə Lukas Beraldo, Xviça Kvaratsxeliya və Manes Akliuş fərqləniblər.

Paris təmsilçisinin UEFA Çempionlar Liqasındakı nəticəsi daha diqqətçəkən olub. Fransa klubu həftənin ortasında səfərdə “Mançester Siti”yə 4:2 hesabı ilə qalib gəlib. Dəzirə Due, Usman Dembele, Vitinya və Akliuş qolların müəllifləri olublar. Qonaqlar artıq 32-ci dəqiqəyə qədər üç top fərqi ilə önə keçiblər.

Bununla belə, sıx oyun qrafiki “PSJ” üçün əlavə çətinlik yarada bilər. Parislilər dörd gün ərzində ikinci çətin matçına çıxacaqlar. Üstəlik, oktyabrın 20-də onları UEFA Çempionlar Liqasında “Barselona” ilə ev oyunu gözləyir.

Təsadüfi deyil ki, Luis Enrike oyunöncəsi mətbuat konfransında futbolçuların bərpası məsələsinə xüsusi diqqət ayırıb. İspaniyalı mütəxəssis hər üç gündən bir meydana çıxmağın oyunçuların fiziki yükünün diqqətlə bölüşdürülməsini tələb etdiyini bildirib və heyətdə rotasiya ehtimalını istisna etməyib.

Baş məşqçinin sözlərinə görə, “Strasbur” gənc və istedadlı futbolçulardan qurulmuş komandadır. Onlar son çempiona qarşı oyunda xüsusilə motivasiyalı olacaqlar. Enrike isə “PSJ”nin əsas məqsədinin qələbələr seriyasını davam etdirmək və Liqa 1-in ilk üçlüyünə qayıtmaq olduğunu vurğulayıb.

“Loryan” – “Monako”

Bazar günü “Stad dü Müstuar” stadionunda daha bir maraqlı qarşılaşma keçiriləcək. Çempionatın lideri “Monako” səfərdə “Loryan”ın qonağı olacaq.

“Monako” 14 xalla birinci, ev sahibləri isə 8 xalla doqquzuncu pillədə qərarlaşıblar. Hər iki komanda son oyunlarında uğurlu nəticə göstərib. Bununla belə, onların turnir hədəfləri fərqlidir.

Filip Luisin rəhbərlik etdiyi “Monako” çempionatda hələ məğlub olmayan yeganə komandadır. Altı turda dörd qələbə qazanan və iki dəfə heç-heçə edən knyazlıq təmsilçisi rəqib qapılarından 10 top keçirib, öz qapısında isə 5 qol görüb.

Bununla belə, “Monako” əvvəlki turda doğma meydanda “Tuluza” ilə oyunda gözlənilmədən xal itirib – 2:2. Meydan sahibləri Edan Diop və Mattis Ablinin qolları sayəsində fasiləyə 2:0 hesablı üstünlüklə yollansalar da, ikinci hissədə üstünlüklərini qoruya bilməyiblər. Kaper Tenqstedt və Sion Opponq hesabı bərabərləşdiriblər.

Bu heç-heçə “Monako”nun ən yaxın izləyiciləri ilə xal fərqinin cəmi birə enməsinə səbəb olub. Buna görə də qarşıdakı matç lider üçün xüsusi əhəmiyyət daşıyır.

Filip Luisin komandasına UEFA Konfrans Liqasındakı qələbə də əlavə motivasiya verə bilər. Monakolular cümə axşamı turnirin əsas mərhələsindəki ilk oyunlarında Sofiyada yerli ÇSKA-nı 2:1 hesabı ilə məğlub ediblər.

Görüşün əsas qəhrəmanı 20 yaşlı almaniyalı hücumçu Paris Brunner olub. O, artıq üçüncü dəqiqədə hesabı açıb, fasilədən əvvəl isə ikinci qolu vuran Ansu Fatinin məhsuldar ötürmə ilə fərqlənməsinə şərait yaradıb. Brunner üçün bu qol cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla yeddinci olub.

Bununla belə, sıx oyun qrafiki qonaqların fiziki vəziyyətinə təsir edə bilər. “Monako” dörd gün ərzində ikinci səfər matçına çıxacaq.

“Loryan” da qarşılaşmaya yaxşı əhval-ruhiyyədə hazırlaşır. Komanda əvvəlki turda doğma meydanda “Paris”i 1:0 hesabı ilə məğlub edərək paytaxt təmsilçisinə cari çempionatda ilk məğlubiyyətini yaşadıb. Görüşün taleyini 68-ci dəqiqədə Qaben Bernardo həll edib.

Bu qələbə “Loryan”ın xal ehtiyatını 8-ə çatdıraraq turnir cədvəlinin orta pillələrində möhkəmlənməsinə imkan verib. Komanda müdafiədə də kifayət qədər etibarlı təsir bağışlayır. Belə ki, altı oyunda cəmi 6 qol buraxıb.

Qarşılaşmaya əlavə maraq qatan məqam ötən mövsümün nəticələridir. “Loryan” həmin mövsümdə “Monako”nu həm evdə, həm də səfərdə eyni hesabla – 3:1 məğlub edib.

Beləliklə, monakolular qarşıdakı matçda yalnız liderliyi qorumağa deyil, həm də ötən mövsümün uğursuzluqlarının əvəzini çıxmağa çalışacaqlar. Ev sahibləri üçün isə çempionatın favoritlərindən biri üzərində növbəti qələbə avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandalara yaxınlaşmaq imkanı yaradacaq.

“Paris” – “Renn”

Turun diqqətçəkən digər görüşü “Jan Buan” stadionunda keçiriləcək. “Paris” doğma meydanda “Renn”i qəbul edəcək. Turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan və yüksək yerlər uğrunda mübarizə aparan komandaların qarşılaşmasının gərgin keçəcəyi gözlənilir.

“Renn” 13 xalla üçüncü, “Paris” isə 11 xalla beşinci yerdədir. Ev sahibləri qələbə qazanacaqları təqdirdə rəqibini qabaqlayaraq turnir cədvəlindəki mövqelərini yaxşılaşdıra bilərlər.

“Paris” mövsümə inamlı başlayıb və ilk beş turda məğlubiyyətlə üzləşməyib. Lakin komanda əvvəlki turda “Loryan”a 0:1 hesabı ilə uduzaraq ilk dəfə xal qazana bilməyib.

Bu uğursuzluğa baxmayaraq, paytaxt təmsilçisi balanslı oyun nümayiş etdirir. Komanda altı qarşılaşmada 8 qol vurub, cəmi 4 top buraxıb. Müdafiə etibarlılığına görə “Paris” çempionatın ən yaxşı komandalarından biridir.

Paytaxt klubunun əsas xüsusiyyətlərindən biri müdafiədən hücuma sürətli keçidlərdir. Komanda əks-hücumlar zamanı indiyədək 12 zərbə endirib. Maraqlıdır ki, “Renn” bu göstəricidə 15 zərbə ilə çempionata liderlik edir.

Breton təmsilçisi isə qarşılaşmaya əla formada çıxır. Frank Ezinin rəhbərlik etdiyi komanda çempionatın son beş oyununda dörd qələbə qazanıb. Əvvəlki turda “Oser”i 4:1 hesabı ilə darmadağın edib.

“Renn” Avropa arenasında da uğurlu çıxış edib. Fransa klubu cümə axşamı UEFA Avropa Liqasında Yunanıstanın OFİ komandasını 2:1 hesabı ilə məğlub edib. İlk hissəni məğlub durumda başa vuran bretonlar fasilədən sonra oyunun gedişini dəyişməyi bacarıblar. Mahamadu Naqid 76-cı, Abdelhamid Ayit-Budlal isə 90-cı dəqiqədə qol vuraraq komandasına qələbə qazandırıblar.

Bununla belə, avrokuboklardakı əlavə oyun yükü ev sahiblərinin xeyrinə ola bilər. Belə ki, “Paris” qarşılaşmaya hazırlaşmaq üçün daha çox vaxt əldə edib.

“Renn”in hücumdakı məhsuldarlığı da diqqət çəkir. Komanda Liqa 1-də keçirdiyi altı oyunda 12 qol vuraraq bu göstəriciyə görə çempionatın ən yaxşılarından birinə çevrilib. Qonaqların heyətində xüsusilə dörd qolla yadda qalan Esteban Lepol fərqlənir.

Liqa 1-də yeddinci turun təqvimi (Bakı vaxtı ilə)

16 oktyabr

22:45. “Le-Man” – “Tuluza” – 0:3

17 oktyabr

19:15. “Strasbur” – “PSJ”

22:45. “Lill” – “Brest”

22:45. “Trua” – “Lans”

18 oktyabr

17:00. “Anje” – “Marsel”

19:15. “Havr” – “Oser”

19:15. “Loryan” – “Monako”

19:15. “Paris” – “Renn”

22:45. “Lion” – “Nitsa”

Liqa 1-də turnir cədvəli

Yeddinci turun ilk oyunundan sonra

“Monako” – 14 xal

“Lill” – 13 xal

“Renn” – 13 xal

“Lion” – 11 xal

“Paris” – 11 xal

“PSJ” – 11 xal

“Tuluza” – 9 xal

“Brest” – 8 xal

“Loryan” – 8 xal

“Nitsa” – 8 xal

“Lans” – 7 xal

“Strasbur” – 7 xal

“Anje” – 7 xal

“Marsel” – 6 xal

“Le-Man” – 6 xal

“Oser” – 6 xal

“Trua” – 4 xal

“Havr” – 2 xal.

İdman.Biz