Bu gün, oktyabrın 17-də İngiltərə Premyer Liqasının yeddinci turuna start veriləcək. Üç gün davam edəcək turun proqramında azarkeşləri bir neçə maraqlı qarşılaşma gözləyir.
İdman.Biz xəbər verir ki, növbəti tura “Mançester Siti” vahid lider kimi çıxır. Komanda keçirdiyi altı oyunun hamısında qalib gələrək maksimum 18 xal toplayıb.
Enzo Mareskanın rəhbərlik etdiyi kollektiv ötən turda səfərdə “Liverpul”u 3:0 hesabı ilə darmadağın edib və son çempion “Arsenal”la xal fərqini üçdə saxlayıb. Üçüncü pillədə 13 xalla “Brayton” qərarlaşıb. “Brentford”, “Everton” və “Çelsi” isə hərəyə 10 xalla növbəti yerləri bölüşürlər.
Şənbə günü keçiriləcək iki qarşılaşma xüsusi maraq doğurur. Hələ məğlubiyyətlə üzləşməyən “Everton” “Çelsi”ni qəbul edəcək. Turnir cədvəlinin ilk dörd pilləsindən birində qərarlaşan “Brentford” isə qeyri-sabit çıxış edən “Liverpul”la oyunda bundan yararlanmağa çalışacaq.
“Everton” – “Çelsi”
VII turun açılış oyunu Liverpul şəhərindəki “Hill Dikinson” stadionunda keçiriləcək. Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandaların hərəsinin 10 xalı var. “Everton” daha yaxşı top fərqinə görə beşinci, “Çelsi” isə altıncı yerdədir.
Devid Moyesin rəhbərliyi altında “Everton” mövsümə inamlı başlayıb. Komanda iki qələbə qazanıb, dörd dəfə isə heç-heçə edib. Mersisayd təmsilçisi müdafiədə də etibarlı təsir bağışlayır: altı oyunda cəmi beş qol buraxıb.
Ötən turda “Everton” “Hall Siti” ilə qarşılaşmada qələbəni əldən verib – 2:2. Halbuki komanda ikinci hissədə Kirnan Dyusberi-Holl və Tierno Barrinin qolları sayəsində önə keçmişdi.
“Çelsi” ilə oyun öncəsi meydan sahiblərinin heyətində bəzi suallar qalır. Müdafiəçi Carrad Brantueyt əzələ problemi yaşayır. Ukraynalı Vitali Mikolenkonun isə meydana qayıtmaq ehtimalı var. Komandanın yeni transferi Kristian Nörqor zədədən sonra tədricən bərpa olunur, lakin hələ start heyətində oynamağa hazır deyil.
“Çelsi” isə “Bornmut” üzərində 5:1 hesablı qələbədən sonra yüksək əhval-ruhiyyədədir. Görüşün qəhrəmanı dubl edən və bir məhsuldar ötürmə ilə yadda qalan Cordan Henderson olub. Joao Pedro da iki qol vurub və bu mövsüm çempionatda qollarının sayını beşə çatdırıb.
Bununla belə, Xabi Alonsonun komandası müdafiədə ciddi problemlər yaşayır. London klubu altı oyunda rəqiblərinə 13 qol vurmaq imkanı verib, özü isə 15 dəfə fərqlənib.
Qonaqların əsas itkisi dizindən əməliyyat olunan kapitan Ris Ceymsdir. Alonsonun sözlərinə görə, müdafiəçi bir neçə həftə meydana çıxa bilməyəcək. Ceymi Gittens və Emmanuel Emeqa da bu görüşdə iştirak etməyəcəklər.
“Brentford” – “Liverpul”
Londonda keçiriləcək digər maraqlı qarşılaşmada “Brentford” “Liverpul”u qəbul edəcək. Mövsüm başlamazdan əvvəl ev sahiblərinin VII tur ərəfəsində bu qədər adlı-sanlı rəqibini qabaqlayacağını proqnozlaşdırmaq çətin idi.
Kit Endryusun rəhbərlik etdiyi “Brentford” 10 xalla dördüncü yerdədir. “Liverpul” isə doqquz xalla doqquzuncu pillədə qərarlaşıb.
London təmsilçisi çempionatda hələ məğlub olmayan üç komandadan biridir. “Brentford” iki qələbə qazanıb, dörd dəfə heç-heçə edib. Komandanın ən diqqətçəkən nəticələrindən biri “Çelsi” üzərində evdə qazandığı 3:0 hesablı qələbədir. Ötən turda isə “Brentford” “Aston Villa” ilə 2:2 hesablı heç-heçə edib.
Maraqlıdır ki, London klubu altı oyunda 12 qol vurub və bu qolları doqquz fərqli futbolçu qeydə alıb. Hücumdakı bu müxtəliflik “Brentford”u təhlükəli rəqibə çevirir.
Bununla belə, “Liverpul”la oyun öncəsi komandanın heyətində müəyyən problemlər var. “Aston Villa” ilə görüşdə zədələnən hücumçu Kevin Şade və müdafiəçi Yannnik Şusterin iştirakı sual altındadır. Neytan Kollinz və Mikkel Damsqor bərpa prosesini davam etdirirlər. Coş Da Silva və Kaye Furo isə hələlik meydana çıxa bilməyəcəklər.
“Liverpul”a gəlincə, Andoni İraolanın komandası qeyri-sabit dövr keçirir. Mersisayd təmsilçisi çempionatda cəmi iki qələbə qazanıb, üç heç-heçə edib və bir dəfə məğlub olub. Xüsusilə “Mançester Siti”yə doğma meydanda 0:3 hesabı ilə uduzmaq komanda üçün ağır zərbə olub.
Bununla belə, “qırmızılar” həftə ortasında Çempionlar Liqasında uğurlu nəticə əldə edərək Avstriyanın LASK klubunu 6:3 hesabı ilə məğlub ediblər. Görüşün əsas qəhrəmanı het-trik edən fransalı yarımmüdafiəçi Bredli Barkola olub.
İndi “Liverpul” avrokuboklardakı məhsuldar oyununu daxili çempionata da daşımağa çalışacaq. Lakin heyətdəki itkilər bu vəzifəni çətinləşdirir.
Belə ki, “Mançester Siti” ilə görüşdə qırmızı vərəqə alan Rayan Qravenberx cəza səbəbindən qarşılaşmanı buraxacaq. Aleksander İsak, Kodi Qakpo və Dominik Soboslainin iştirakı isə sual altındadır. Konor Bredli, Uqo Ekitike və Covanni Leoni də zədələrindən sonra bərpa olunurlar.
Rəqiblərin əvvəlki qarşılaşmalarının nəticəsi də oyuna əlavə maraq qatır. 2025-ci ilin oktyabrında “Brentford” öz meydanında “Liverpul”u 3:2 hesabı ilə məğlub edib. İndi meydan sahibləri həmin uğuru təkrarlamağa çalışacaqlar. “Liverpul” isə liderlərdən geri qalmamaq üçün xal qazanmalıdır.
İPL-in yeddinci turunun təqvimi, Bakı vaxtı ilə
17 oktyabr
15:30 – “Everton” – “Çelsi”
18:00 – “Brentford” – “Liverpul”
18:00 – “Fulhem” – “Hall Siti”
18:00 – “Mançester Siti” – “İpsviç Taun”
20:30 – “Nyukasl” – “Aston Villa”
18 oktyabr
17:00 – “Bornmut” – “Sanderlend”
17:00 – “Brayton” – “Kristal Pelas”
17:00 – “Lids” – “Mançester Yunayted”
19:30 – “Nottingem Forest” – “Arsenal”
19 oktyabr
23:00 – “Tottenhem” – “Koventri Siti”
İPL-in VII turu öncəsi turnir cədvəli
1 “Mançester Siti” - 18 xal
2 “Arsenal” - 15 xal
3 “Brayton” - 13 xal
4 “Brentford” - 10 xal
5 “Everton” - 10 xal
6 “Çelsi” - 10 xal
7 “Lids” - 9 xal
8 “Hall Siti” - 9 xal
9 “Liverpul” - 9 xal
10 “İpsviç Taun” - 9 xal
11 “Nyukasl” - 8 xal
12 “Kristal Pelas” - 7 xal
13 “Mançester Yunayted” - 6 xal
14 “Koventri Siti” - 6 xal
15 “Nottingem Forest” - 5 xal
16 “Aston Villa” - 5 xal
17 “Sanderlend” - 4 xal
18 “Bornmut” - 3 xal
19 “Tottenhem” - 3 xal
20 “Fulhem” - 2 xal.
