Almaniyanın “Bavariya” klubunun əsas qapıçısı Manuel Noyer komandasının ardıcıl ikinci matçında iştirak etməyəcək. Təcrübəli qolkiper Bundesliqanın altıncı turunda “Leyptsiq”lə qarşılaşmanı da buraxacaq.
İdman.Biz xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb.
Oktyabrın 17-də keçiriləcək “Bavariya” - “Leyptsiq” oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. 40 yaşlı qapıçı ayağındakı problem səbəbindən meydana çıxa bilməyəcək. Onun yoxluğunda Münhen təmsilçisinin qapısını yenidən Yon as Urbiq qoruyacaq.
Qeyd edək ki, oktyabrın 10-da “Auqsburq”la matçın ilk saniyələrində kobud səhvə yol verən Noyer rəqibin Bundesliqa tarixinin ən sürətli qolunu vurmasına şərait yaradıb. Həmin qol oyunun 8-ci saniyəsində qeydə alınıb. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb və “Bavariya” xal itirib.
Münhen klubu oktyabrın 13-də UEFA Çempionlar Liqasında “Vikinq”lə də heç-heçə edib – 3:3. Zədələnən Noyeri həmin görüşdə də Yon as Urbiq əvəzləyib.
“Bavariya” rəhbərliyi təcrübəli qapıçının oktyabrın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Arsenal”a qarşı keçiriləcək oyuna qədər sağalacağına ümid edir.
Bundesliqada “Bavariya” 11 xalla üçüncü, “Leyptsiq” isə 9 xalla beşinci pillədə qərarlaşıb.
