Adil Şükürovdan Qəbələ stadionu ilə bağlı açıqlama: Tsxadadzenin gəlişi...

Müsahibə
27 Fevral 2024 12:09
430
Adil Şükürovdan Qəbələ stadionu ilə bağlı açıqlama: Tsxadadzenin gəlişi...

“Qəbələ” rəhbərliyinə bu vaxta qədər stadionlarından istifadə etmək üçün bizə yaxından köməklik göstərdiyi üçün minnətdarlığımı bildirirəm”.

Bunu İdman.bizə “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.

Bir müddət rəqiblərini Qəbələ şəhər stadionunda qəbul edən “Kəpəz”in ev oyunları yenidən Tovuzda oynanılacaq. Təcrübəli mütəxəssis arena dəyişikliyini ciddi problem hesab etmir: “Şəxsən “Qəbələ”nin prezidenti Fariz Nəcəfova təşəkkür edirəm. Onsuz da bizim üçün həmin stadion və ya digərinin hamısı eynidir - səfər matçı. Biz də bu halın gec-tez olacağına hazır idik. Amma düzünü desəm, fikirləşirdim ki, mövsümün sonuna kimi oyunlarımızı Qəbələdə keçirəcəyik”.

O, Gəncə şəhər stadionunun 2025-ci ilin may ayında tam hazır olacağını deyib: “Doğma stadionumuz hazır olana qədər bütün oyunlarımız səfərdə olacaq. Baxmayaraq ki, formal olaraq ev sahibi qismində meydana çıxacağıq”.

Azərbaycan Premyer Liqasının XXV turunda “Sumqayıt”la oyunu da dəyərləndirən Şükürov bildirib ki, matçda əsas hədəfləri inamlı mübarizə aparmaqdır: “Bu gün turnir cədvəlində ilk “3-lük”də qərarlaşıb. “Sumqayıt” uğurlu seriya yaxalayıb və belə də davam edirlər. Bizim üçün də vacib olan meydanda yaxşı mübarizə apararaq xallar qazanmaqdır. Komanda olaraq buna hazırlaşırıq”.

O, turnir cədvəlində son pillədə yer alan və Premyer Liqada qalmaq uğrunda mübarizədəki əsas rəqibi “Qəbələ”də gerçəkləşən baş məşqçi dəyişikliyinə də münasibət bildirib. Şükürov komandanın sabiq çalışdırıcı Elmar Baxşıyevin rəhbərlik etdiyi dönəmlərdə də ciddi uğurlar əldə etdiyini vurğulayıb: “Bu, danılmazdır. Məşqçi dəyişikliyi - Kaxaber Tsxadadzenin gəlişi komandaya təsir edəcək, amma hansı yöndə və necə, bunu zaman göstərəcək. Qarşıda hələ çox oyunlar var. Bu matçlarda komandanı toparlamaq və düzgün hazırlaşmaq vacibdir. Məncə, yeni məşqçinin gəlişi ilə yenə də mübarizəni davam etdirəcəyik. Çünki Premyer Liqada qalmaq uğrunda mübarizə aparırıq”.

Qeyd edək ki, “Kəpəz” turnir cədvəlində 23 xalla 9-cu yerdə qərarlaşıb.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: