San-İsidroda əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın tibbi qrupunun üzvləri ilə bağlı məhkəmə prosesi davam edir.
İdman.Biz “Goal”a istinadən xəbər verir ki, kardioloq Rikardo İqlesias məhkəmədə Maradonanın ölüm səbəbinin ürək aritmiyasının yaratdığı kəskin vəziyyət olduğunu bildirib.
“Maradonada ürək aritmiyasına görə kəskin tutma baş verdi və məhz buna görə də o, vəfat etdi. Belə vəziyyətlər proqnozlaşdırıla bilməz, bu cür sonluqdan xəbər verən heç bir əlamət yox idi”, - deyə İqlesias vurğulayıb.
Kardioloqun ifadəsi keçmiş futbolçunun uzun müddət ürək çatışmazlığından əziyyət çəkdiyini bildirən ittiham tərəfinin ekspertlərinin mövqeyi ilə üst-üstə düşmür.
“Ürək tamamilə qaydasında idi. Mən uzunmüddətli narahatlığın heç bir sübutunu tapmıram”, - deyə İqlesias Maradonanın ölümündən əvvəl 12 saat ərzində əzab çəkdiyi versiyası ilə razılaşmayıb.
Mütəxəssisin sözlərinə görə, 2020-ci ildə argentinalının aktiv ürək xəstəliyi olmayıb. İqlesias həmçinin bildirib ki, 2000-ci ildə Maradonada ürək tutmasına səbəb olan preparatların qəbulu dayandırıldıqdan sonra futbolçunun ürəyi tamamilə bərpa olunub.
Dieqo Maradona 2020-ci il noyabrın 25-də 60 yaşında vəfat edib.
