“Union” Bundesliqanın dördüncü turunda səfərdə “Bavariya”ya 0:7 hesabı ilə məğlub olub. Maykl Olise het-trikə, Harri Keyn isə dubla imza atıb.
İdman.Biz xəbər verir ki, oyundan sonra Berlin klubunun mətbuat xidməti “X” sosial şəbəkəsində “Barselona”nın cinah hücumçusu Lamin Yamalın “Qızıl top” namizədləri ilə bağlı son açıqlamalarını xatırladıb.
“Union” paylaşımında Yamala istehzalı şəkildə müraciət edib:
“Heç olmasa “Barselona”dan olan bu dəcəl uşaq dilini dinc saxlaya bilməzdi? Keyn və Olise bu gün sadəcə od püskürürlər və “Qızıl top”a layiq olduqlarını sübut edirlər”.
Bununla Berlin klubu gənc ispaniyalının Harri Keyn kimi hücumçuların vurduğu qolların öz-özlüyündə “Qızıl top” uğrunda mübarizədə qələbəyə zəmanət verməməsi barədə fikirlərinə zarafatla reaksiya verib. Yamalın sözlərinə görə, bunun üçün bombardir mükafatı mövcuddur.
