UEFA İrlandiya Futbol Assosiasiyasının (FAI) gələcək püşkatmalarda milli komandanın İsrail yığması ilə eyni qrupa düşməməsi barədə xahişini rədd edib.
İdman.Biz xəbər verir ki, bu barədə FAI-nin baş direktoru David Kouell bildirib.
İrlandiya və İsrail Millətlər Liqasının B3 qrupunda Avstriya və Kosovo ilə birlikdə yer alıblar. UEFA-nın rəsmi təqviminə əsasən, onların qarşılaşmaları sentyabrın 27-də və oktyabrın 4-də baş tutmalıdır.
"Cavab olduqca birmənalı idi. Onların rəsmi termini var – dəqiq formulyasiyanı xatırlamaya bilərəm, bir növ bir-biri ilə qarşılaşdırılmaması lazım olan komandalar siyahısıdır. Bu, ilk növbədə ictimai əhval-ruhiyyəyə deyil, birbaşa münaqişələrə əsaslanır. İrlandiya və İsrail heç vaxt birbaşa münaqişədə olmayıblar. Mən bu cavabı olduğu kimi qəbul etdim", – deyə idman məmuru BBC-yə açıqlamasında bildirib.
Komandaların oyunları neytral meydançalarda keçiriləcək: birincisi Serbiyada azarkeşsiz, ikincisi isə Macarıstanda irlandiyalı azarkeşlərin iştirakı olmadan baş tutacaq.
İyul ayında FAI nümayəndələri Yaxın Şərqdə davam edən münaqişə fonunda səslənən boykot çağırışlarına baxmayaraq, İsraillə matçların keçirilməsini dəstəkləmişdilər.
