Tərlan Əhmədov: “Qarabağ” üçün çox çətin olacaq”

Müsahibə
23 Fevral 2024 16:53
466
Tərlan Əhmədov: “Qarabağ” üçün çox çətin olacaq”

“Bu komandalar bir-birini yaxşı tanıyır”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Tərlan Əhmədov deyib.

Təcrübəli mütəxəssis UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkünü şərh edib. O bildirib ki, “Qarabağ”ın yenidən “Bayer”ə rəqib olması heç də yaxşı olmayıb: “Onların gücünə hamımız bələdik. “Bayer” Almaniya Bundesliqasında vahid liderdir və məğlubiyyətsiz irəliləyir. “Qarabağ” üçün çox çətin olacaq. Sevinməliyik ki, “Qarabağ” yeni tarix yazıb. Amma hər halda, yenə adına layiq oyun göstərəcək. Yenidən gözəl matçla hər birimizi sevindirməsini istəyərdik. Bilirik ki, “Qarabağ”ın həmin oyunda bir neçə oyunçusu olmayacaq, amma meydana çıxanlar nəyi necə edəcəyini biləcək. Maraqlı qarşılaşma izləyəcəyik. Səfərdə çətin olsa da, Bakıda onlara qarşı yaxşı mübarizə apara biləcəyik. “Bayer” də “Qarabağ”ın səviyyəsini bilir. Bu komandaların şansları bərabər deyil, lakin futbolda mümkünsüz heç nə yoxdur. Qurban Qurbanov hər şeyi yaxşı bilir”.

Əhmədov pley-offda ümumi hesabda “Braqa”ya 6:5 hesabı ilə qalib gələn “Qarabağ”ı tarix yazması münasibətilə təbrik də edib: “Matçda azlıqda qalsa da, geri dönüş edərək xalqımızı sevindirdi. “Qarabağ” mükəmməl oyun sərgilədi. Çəkinmədən həm müdafiə olunmağı bacardı, eyni zamanda, sürətli əks-hücum edərək, qələbə qazandı. Sözün əsl mənasında, qalib xalq kimi qələbələrimizin davamı gəlir”.

Qeyd edək ki, Avropa Liqasında “Qarabağ” “Bayer”lə qrupda da yer alıb və hər iki görüşdə Almaniya klubu qələbə qazanıb – 5:1, 1:0.

Banuçiçək Hüseynli
İdman.biz