Futbolda VAR sisteminin müəlliflik hüquqları ilə bağlı məhkəmə prosesi hələ də yekunlaşmayıb.
İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Fransisko Antonio Lopes Romera FIFA və İspaniya Kral Futbol Federasiyasına (RFEF) qarşı iddia qaldıraraq videoassistent hakim sisteminin onun müəlliflik hüquqlarını pozduğunu bildirir.
Romera iddia edir ki, “XXI əsrin futbolu - hakim briqadaları üçün gələcəyin texnologiyası” adlı əsərin müəllifidir. Sözügedən əsər 1999, 2016 və 2025-ci illərdə Əqli Mülkiyyət Reyestrində qeydiyyata alınıb və onun sözlərinə görə, burada VAR-ın texnoloji sistemi təsvir olunub.
Bu əsasla o, FIFA və RFEF-dən 300 milyon avro (594 milyon AZN) təzminat tələb edib. İddiaçının mövqeyinə görə, VAR-ın futbol yarışlarında istifadəsi onun əqli mülkiyyət hüquqlarını pozur.
Məsələ ilə bağlı Madrid Əyalət Məhkəməsi 2024-cü ilin aprelində müvəqqəti təminat tədbirləri üzrə şikayəti rədd edib. Lakin həmin qərar əsas iddianın mahiyyətinə, müəlliflik və mülkiyyət hüququnun kimə məxsus olmasına dair yekun qərar olmayıb.
Əsas məhkəmə prosesi 9 oktyabr 2025-ci ildə keçirilib və iş hökm üçün təqdim olunub. Buna baxmayaraq, yekun qərar artıq 11 aydır açıqlanmayıb.
Qeyd edək ki, 2024-cü ildəki qərar yalnız müvəqqəti tədbirlərlə bağlı olub və VAR sisteminin hüquqi müəllifliyi məsələsini həll etməyib.
