140 milyonluq Diomande ilk startında tənqid atəşinə tutuldu

13 Sentyabr 2026 13:48
73
140 milyonluq Diomande ilk startında tənqid atəşinə tutuldu

İspaniyanın “Real Madrid” futbol komandasının futbolçusu Yan Diomande ilk dəfə start heyətində meydana çıxdığı oyundan sonra tənqid olunub.

İdman.Biz “Foot Mercato”ya istinadən xəbər verir ki, Kot-d’İvuar millisinin üzvü “Rayo Valyekano” ilə 4:1 hesabı ilə başa çatan qarşılaşmada gözləntiləri tam doğrultmayıb.

Diomande matç ərzində bir epizodda iki rəqibini keçsə də, zərbəsi qapıdan xeyli aralı keçib. Mənbə qeyd edir ki, futbolçunun oyununda hələ də müəyyən çəkingənlik hiss olunur. Buna baxmayaraq, “Santyaqo Bernabeu” azarkeşləri əvəzlənərkən onu alqışlayıblar.

İspaniya mətbuatı isə daha sərt mövqe tutub. “Marca” yazıb ki, 140 milyon avroya başa gələn və “Real Madrid” tarixinin ən bahalı futbolçusu olan Diomandedən cinahda cəmi iki uğurlu sürətlənmədən daha çox şey gözlənilir. Nəşr ona 10 üzərindən beş bal verib ki, bu da start heyətində meydana çıxan futbolçular arasında ən aşağı göstərici olub.

AS isə onun oyununu “çəkingən” adlandırıb və Diomandenin “Bernabeu”nu soyutduğunu yazıb. Bununla yanaşı, futbolçunun müdafiədəki əməyinin də qeyd olunduğu bildirilib.

“Cadena SER”in jurnalisti Antonio Romero da Diomandenin indiyədək təsirli görünmədiyini vurğulayıb. Onun fikrincə, hazırda əsas heyətdə Arda Güler daha üstün mövqedədir.

İdman.Biz