PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya baş məşqçi Luis Enrikenin komandada yaratdığı rəqabət mühitindən danışıb.
İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 25 yaşlı cinah oyunçusu PSJ-yə gəldikdən sonra futbol fəlsəfəsinin dəyişdiyini etiraf edib.
“Mən “Napoli”də eyni tip futbolçu deyildim. Bura gələndə komandanın nə qədər fədakar olduğunu və mənə necə hörmət etdiyini gördüm. Luis Enrikenin rəhbərliyi altında anladım ki, daim maksimum səviyyədə olmalıyam. Çünki hər bir futbolçu start heyətində oynamaq gücünə malikdir. Bir səhv etsən, ehtiyat oyunçular skamyasında qala bilərsən”, - Kvaratsxeliya bildirib.
Gürcüstanlı futbolçu ötən Çempionlar Liqasında PSJ-nin əsas simalarından biri olub. O, turnirdə 10 qol vurub və yeddi məhsuldar ötürmə edib. Kvaratsxeliya həmçinin yarışın ən yaxşı futbolçusu seçilib. PSJ isə ardıcıl ikinci dəfə Avropanın ən nüfuzlu klub turnirinin qalibi olub.
Kvaratsxeliyanın çıxışı onun “Qızıl top-2026” uğrunda əsas namizədlərdən biri kimi göstərilməsinə səbəb olub. Toni Kroos və Mişel Platini də gürcüstanlı futbolçunun mükafata layiq olduğunu açıq şəkildə bildiriblər.
“Belə futbolçuların, belə əfsanələrin mənim buna layiq olduğumu deməsi böyük xoşbəxtlikdir. Dünyada bir nəfərin belə mənim bu qədər nüfuzlu mükafata layiq olduğumu düşünməsi məni qürurlandırır. Bu, işimi düzgün gördüyümü göstərir və mən yalnız bu səviyyədə inkişaf etməyə davam etmək istəyirəm”, - o əlavə edib.
Qeyd edək ki, Kvaratsxeliya “Qızıl top-2026” üçün açıqlanan 30 namizəd sırasında yer alıb.
