İtaliya futbolunda prezident seçkiləri qalmaqalı: Marotta ittihamlara cavab verdi

1 Noyabr 2026 09:08
109
İtaliya futbolunda prezident seçkiləri qalmaqalı: Marotta ittihamlara cavab verdi

İtaliya Futbol Federasiyasının (FIGC) prezidentliyi uğrunda mübarizə ölkə futbolunda fikir ayrılıqlarını dərinləşdirib. Mübahisələrin mərkəzində “İnter”in prezidenti Cüzeppe Marotta da yer alıb.

İdman.Biz xəbər verir ki, federasiya rəhbərliyi uğrunda Covanni Malaqo və Adriano Qalliani arasında rəqabət yaranıb. İtaliya mətbuatında Marottanın əvvəlcə Malaqonu dəstəklədiyi, sonradan isə Qallianinin tərəfinə keçdiyi barədə məlumatlar yayılıb.

Malaqo iyunda federasiya prezidenti seçilsə də, qeydiyyat tələbi ilə bağlı problem səbəbindən vəzifəsini itirib. Hazırda o, federasiyanın fövqəladə komissarı kimi fəaliyyət göstərir. Qallianinin namizədliyi isə futbolçular və məşqçilər assosiasiyaları tərəfindən irəli sürülüb.

Oktyabrın 31-də A Seriyasının 11 klubu Covanni Malaqonun İtaliya Futbol Federasiyasının prezidentliyinə namizədliyini dəstəkləyib. Bununla da Malaqo seçkilərdə iştirak etmək üçün tələb olunan ilkin dəstəyi toplayıb.

“Corriere dello Sport”un direktoru İvan Dzadzaroni də Marottanı mövqeyini dəyişməkdə və klublar arasında parçalanmaya səbəb olmaqda ittiham edib.

“İnter”in prezidenti “Sky Sport”a açıqlamasında bu müzakirələrə münasibət bildirib:

“Bəzi yanlış məlumatlar yazılıb və tezliklə onlara aydınlıq gətiriləcək. Hamımız İtaliya futbolunun yaxşılığını istəyirik. Tərəflər arasında fikir ayrılıqları olsa da, məqsədimiz futbolumuzun əvvəlki nüfuzunu bərpa etmək, Avropa və dünya yarışlarında rəqabət qabiliyyətini artırmaqdır. Bu barədə daha sonra danışacağıq”.

Marotta konkret hansı məlumatları yanlış hesab etdiyini açıqlamayıb. O, Qallianinin namizədliyini dəstəklədiyini də birbaşa təsdiqləməyib.

Federasiya prezidentliyinə namizədlərin irəli sürülməsi üçün son tarix noyabrın 4-ü, seçkilər isə dekabrın 14-nə təyin olunub.

İdman.Biz