“Barselona” 17 yaşlı misirlinin qiymətini 150 milyon avroya qaldırdı

13 Sentyabr 2026 11:59
58
“Barselona” 17 yaşlı misirlinin qiymətini 150 milyon avroya qaldırdı

İspaniyanın “Barselona” futbol komandası 17 yaşlı Həmzə Əbdülkərimə böyük etimad göstərir.

İdman.Biz AS-a istinadən xəbər verir ki, Kataloniya klubu misirli hücumçunun müqaviləsini 2030-cu ilin iyununa qədər uzadıb. Onun sərbəstqalma məbləği isə 15 milyon avrodan 150 milyon avroya (297 milyon AZN) qaldırılıb.

Klubun idman direktoru Deku yayda futbolçuya icarə təklifləri gəlməsinə baxmayaraq, onun komandada qalmasını istəyib. Bunun iki əsas səbəbi göstərilir. Birincisi, klub Həmzənin hələ adaptasiya mərhələsində olduğunu və Hans-Diter Flikin rəhbərliyi altında məşqlərin onun inkişafına kömək edəcəyini düşünür. İkincisi isə hücumçunun əsas komandada olmayan fərqli profilə sahib olmasıdır.

Həmzə daha çox cərimə meydançasında oynayan klassik “9 nömrə” kimi qiymətləndirilir. Klub hesab edir ki, xüsusilə qapalı və çətin keçən oyunlarda onun qol duyumu komanda üçün əlavə silah ola bilər.

Misirli futbolçu “Barselona”ya 1 fevralda qoşulub və liqada doqquz oyunda altı qol vurub. Bu göstərici klubun onun satınalma hüququndan istifadə etməsinə səbəb olub. Daha sonra Misir millisinin onu 17 yaşında dünya çempionatına çağırması fonunda müqaviləsi yenidən uzadılıb.

Həmzə artıq “Rayo Valyekano” ilə oyunda əsas komandada debüt edib. O, mövsüm ərzində həm əsas komandada 29 nömrəli, həm də əvəzedici heyətdə 19 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Həmzə Əbdülkərim “Barselona” tarixində çıxış edən ilk misirli futbolçudur.

İdman.Biz