“Qarabağ” rekordun bir addımlığında - TƏHLİL

Təhlil
15 Fevral 2024 16:31
“Qarabağ” rekordun bir addımlığında - TƏHLİL

Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyununa çıxacaq “Qarabağ” Portuqaliyaya uğurlu seriya ilə yollanıb.

İdman.biz xəbər verir ki, Qurban Qurbanovun yetirmələri mövsümün bütün səfər matçlarında qol vurublar.

Söhbət avrokubok qarşılaşmalarından gedir. Ağdam təmsilçisi “Braqa”nın da qapısına yol tapmaqla seriyanı davam etdirəcək.

Belçikadan qolsuz dönüş

“Qarabağ”ın qol vurmadığı son səfər matçı ötən mövsümə təsadüf edib. Qurbanovun komandası həmin vaxt Konfrans Liqasında oynayırdı.

Pley-off mərhələsində çempionumuz “Gent” səddini keçə bilməyib. Səfərdə 0:1 hesabı ilə uduzan “Qarabağ” Belçikadan qol vurmadan dönüb.

Qarşısıalınmaz “Qarabağ”

Ağdam klubu mövsümdə avrokubokların 7 səfər matçına çıxıb. Yoluna Çempionlar Liqasında başlayan komanda bu turnirin ilk iki təsnifat mərhələsində “Linfild”lə “Rakuv”un hərəsinin meydanında 2 qol vurub.

Avropa Liqasında qrupa qədər HİK və “Olimpiya” ilə görüşən “Qarabağ” bu rəqiblərlə səfərdəki qarşılaşmaların da hərəsində iki dəfə fərqlənib. Qrup mərhələsində yalnız Norveçdəki görüşdə eyni sayda qola imza atmaq mümkün olub. Bunadək isə “Hakken” və “Bayer”i bir dəfə məyus edən “Qarabağ” mövsümün 7 səfər sınağında 12 dəfə rəqib qapısına yol tapıb.

Pley-offdan pley-offa

Konfrans Liqasının pley-offunda səfərdə qol vurmayan “Qarabağ” Avrppa Liqasının pley-offuna qədər bütün matçlardan qolla qayıdıb. 7 oyunluq seriya Braqada davam etdirilməlidir.

23.02.2023. “Gent” (Belçika) – 0:1

11.07.2023. “Linkoln” (Cəbəllütariq) – 2:1

26.07.2023. “Rakuv” (Polşa) - 2:3

17.08.2023. HİK (Finlandiya) - 2:1

24.08.2023. “Olimpiya” (Sloveniya) - 2:0

05.10.2023. “Hakken” (İsveç) – 1:0

26.10.2023. “Bayer” (Almaniya) – 1:5

30.11.2023. “Molde” (Norveç) – 2:2

Tarixin ikincisi

“Qarabağ”ın səfərdəki 7 oyunluq qol seriyası tarixin ikinci göstəricisidir. İndiyədək yalnız bir dəfə Azərbaycan klubu daha uğurlu seriyaya nail olub.

Həmin rekord da “Qarabağ”a məxsusdur. Qurbanovun rekord seriyası 8 səfərdən ibarətdir. Həmin nəticənin təkrarlanması üçün ağdamlılar Portuqaliyada ən azı bir dəfə fərqlənməlidir.

“Qarabağ”ın rekordu

Azərbaycan rekordu isə 4 mövsümü əhatə edib. 2010-cu ildə Dortmundda “Borussiya”ya quru hesabla uduzan “Qarabağ” 2014-cü ilədək bütün səfərlərdə qol sevinci yaşayıb. 8 matçda 13 dəfə fərqlənən ağdamlıların seriyası Avstriyada “Zalsburq”a qol vurmayanda qırılıb.

Dörd il, üç mövsüm

Rekord seriyası 2011/12, 2013/14 mövsümlərini tam əhatə edib. 2014/15 mövsümündəki ilk matç da təmsilçimiz üçün qollu olub.

19.08.2010. “Borussiya” (D, Almaniya) – 0:4

30.06.2011. “Banqa” (Litva) – 4:0

14.07.2011. “Streymur” (Farer adaları) – 1:1

28.07.2011. “Brügge” (Belçika) – 1:4

02.07.2013. “Metallurq” (Şimali Makedoniya) – 1:0

25.07.2013. “Pyast” (Polşa) – 2:2

08.08.2013. “Gefle” (İsveç) – 2:0

29.08.2013. “Ayntraxt” (F, Almaniya) – 1:2

15.07.2014. “Valletta” (Malta) - 1:0

06.08.2014. “Zalsburq” (Avstriya) – 0:2

Vüqar Xeyrullayev

İdman.biz