Rauf Əliyev “Qarabağ” - “Neftçi” derbisi ilə bağlı proqnozunu açıqladı

17 Oktyabr 2026 16:47
86
Rauf Əliyev “Qarabağ” - “Neftçi” derbisi ilə bağlı proqnozunu açıqladı

“Neftçi” ilə oyunda “Qarabağ”ın qələbə şansı nisbətən çoxdur”.

Bunu Azərbaycan millisinin və adıçəkilən hər iki klubun keçmiş futbolçusu Rauf Əliyev deyib.

37 yaşlı sabiq hücumçu Misli Premyer Liqasının səkkizinci turunda üz-üzə gələcək “Qarabağ” və “Neftçi” komandalarının şanslarını dəyərləndirib.

“Bizi çox maraqlı oyun gözləyir. Çünki hər iki komanda cari mövsüm Premyer Liqada çempionluğa əsas namizədlərdəndirlər. Lakin “Qarabağ” əvvəlki illərə nisbətən daha rəqabətli çempionatda oynayır. Çünki rəqiblər də gücləniblər. “Neftçi” və “Sabah” komandaları “Qarabağ”ın əsas rəqiblərindəndir. Bu baxımdan Ağdam klubu üçün cari mövsüm Premyer Liqada çıxış etmək elə də rahat deyil. Bununla belə, “Neftçi”yə qarşı matçda “Qarabağ”ın qələbə şansı nisbətən daha çoxdur. Adına layiq derbi izəyəcəyimizə inanıram və hər iki kollektivə uğurlar arzu edirəm”, - deyə o report.az-a açıqlamasında söyləyib.

Qeyd edək ki, “Qarabağ” - “Neftçi” matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:00-da start götürəcək.

İdman.Biz