Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Ərzurumspor” Türkiyə Superliqasının səkkizinci turunda doğma meydanda “Eyüpspor”u 2:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, 90 nömrəli forma ilə çıxış edən Axundzadə matçın iştirak ərizəsində yer alsa da, meydana çıxmayıb. “Ərzurumspor”un məşqçilər korpusu beş əvəzetmə hüququndan tam istifadə etsə də, azərbaycanlı futbolçu görüşü ehtiyat oyunçular skamyasında keçirib.
Kazım Karabekir adına stadionda hesabı 19-cu dəqiqədə Migel Kardozu açıb. Portuqaliyalı hücumçu Quram Giorbelidzenin sol cinahdan ötürməsini başla qola çevirib. Kardozu 37-ci dəqiqədə fərqi artırsa da, VAR müdaxiləsindən sonra qol qeydə alınmayıb.
Fasilədən dərhal sonra, 47-ci dəqiqədə Ərən Tozlu fərqi iki topa çatdırıb və matçın yekun hesabını müəyyənləşdirib.
“Eyüpspor” topa nəzarətdə üstün olub – 58 faizə qarşı 42 faiz. Qonaqlar qapıya zərbələrin sayında da irəlidə olublar – 8:6. Bununla belə, qapı çərçivəsinə dəqiq zərbələrin sayında bərabərlik qeydə alınıb – 3:3. “Ərzurumspor” isə qol imkanlarından daha səmərəli istifadə edərək qələbə qazanıb.
Bu nəticədən sonra xallarını 11-ə çatdıran “Ərzurumspor” turnir cədvəlinin doqquzuncu pilləsinə yüksəlib. Mövsümdə səkkiz oyunda yeddinci məğlubiyyətini alan “Eyüpspor” isə üç xalla sonuncu sırada qalıb.
