Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

15 Oktyabr 2026 13:18
103
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Danimarka millisinin sabiq baş məşqçisi Bo Yuhansson 83 yaşında vəfat edib.

İdman.Biz xəbər verir ki, isveçli mütəxəssisin ölümü barədə TV2 telekanalı onun ailəsinə istinadən məlumat yayıb.

Yuhanssonun ölüm səbəbi açıqlanmayıb.

Mütəxəssis 1996–2000-ci illərdə Danimarka millisinə rəhbərlik edib. Bu dövr ölkə futbolunun müasir tarixinin ən parlaq mərhələlərindən biri hesab olunur.

Yuhanssonun rəhbərliyi altında “qırmızı qvardiya” dünya çempionatlarında ən yaxşı nəticəsini göstərib. Danimarka millisi 1998-ci ildə Fransada keçirilən mundialda 1/4 finala qədər irəliləyib. Bu mərhələdə komanda gərgin mübarizədə gələcək finalçı Braziliyaya 2:3 hesabı ilə məğlub olub.

2000-ci il Avropa çempionatında isə danimarkalılar qrup mərhələsini adlaya bilməyiblər. Komanda keçirdiyi hər üç oyunda məğlub olub.

Danimarka millisi ilə işləməzdən əvvəl Yuhansson klub səviyyəsində də uğurlar qazanıb. O, İsveçin “Öster” klubunu iki dəfə ölkə çempionluğuna aparıb. Mütəxəssisin aktivində Danimarkanın “Silkeborq” klubu ilə qazandığı ölkə çempionluğu da var.

İdman.Biz
Məqalədə: