Rumıniyanın “Petrolul” futbol komandasında çıxış edən Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov klubun ən yüksək bazar dəyərinə malik oyunçularından biridir.
İdman.Biz xəbər verir ki, “Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, 23 yaşlı futbolçunun transfer dəyəri 700 min avro (1 milyon 390 min AZN) təşkil edir. Hüseynov bu göstəricidə yalnız 750 min avro (1 milyon 490 min AZN) dəyərində qiymətləndirilən Mark Tsutsudan geri qalır.
Maraqlıdır ki, azərbaycanlı müdafiəçi yüksək bazar dəyərinə baxmayaraq, nə “Petrolul”da, nə də Azərbaycan millisində əsas heyətin daimi üzvüdür. Bununla belə, o, klubun milli komandaya dəvət alan yeganə futbolçusu kimi diqqət çəkir.
Ümumilikdə, “Petrolul”un heyətinin bazar dəyəri son dörd ayda təxminən 1,5 milyon avro artıb. Mövsümün əvvəlində 5,9 milyon avro (11.7 milyon AZN) qiymətləndirilən komandanın hazırkı dəyəri 7,28 milyon avroya (13.8 milyon AZN) çatıb.
Rumıniya Superliqasında ən yüksək artım faizinə nail olan “Petrolul”un heyətinin dəyəri 23 faiz yüksəlib. Komanda bu göstəricidə liqanın ən bahalı heyətləri arasında 12-ci pillədədir.
Qeyd edək ki, “Petrolul” Rumıniya çempionatında keçirdiyi 11 oyunda 19 xal toplayaraq turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Cari ilin iyun ayında Bolqarıstanın “Arda” klubundan “Petrolul”a transfer olunan Cəlal Hüseynov buoyunlardan cəmi yeddisində oyunda iştirak edib ki, onlardan yalnız birində ilk 11-likdə yer alıb. Bu oyunlar ərzində 165 dəqiqə meydanda olub.
