“Qarabağ” futbol komandasının sabiq qapıçısı Mateuş Koxalski ölkəmizdəki futbol səviyyəsini Polşa çempionatı ilə müqayisə edib.
İdman.Biz xəbər verir ki, hazırda Polşanın “Veçista” (Krakov) komandasında çıxış edən 26 yaşlı qolkiper bu barədə “Goal” nəşrinə müsahibəsində danışıb.
Koxalski Polşa çempionatının bütün baxımdan Azərbaycan Premyer Liqasından üstün olduğunu iddia edib.
“Düşünürəm ki, Polşa Ekstraklasasında hər şey daha yaxşıdır. İstisnasız hər şey. Azərbaycanda bundan daha yaxşı olan heç nə yoxdur”, - deyə qapıçı bildirib.
Bununla belə, polşalı futbolçu “Qarabağ”ın ölkəsinin çempionatında yüksək yerlər uğrunda mübarizə apara biləcəyini vurğulayıb.
“Düşünürəm ki, “Qarabağ” ilk üçlük uğrunda mübarizə aparardı. Bəli, məhz “Qarabağ”. Çempionlar Liqasına vəsiqə qazanan “Sabah” da yüksək yerlərdən birini tuta bilərdi. Azərbaycan çempionatının digər komandaları isə bizim liqada qalmaq üçün ciddi çətinlik çəkərdilər”, - deyə Koxalski qeyd edib.
Polşalı qapıçı gələcəkdə yenidən başqa çempionata yollanmaq ehtimalını da istisna etməyib:
“Əgər həm mənim, həm də klubun xeyrinə olacaq daha yüksək səviyyəyə keçmək imkanı yaranarsa, bu, yaxşı olar. Lakin hazırda əsas məqsədim bu deyil. Mən “Veçista”ya yenicə qoşulmuşam və mümkün transfer barədə danışmağın mənası yoxdur. Sadəcə, mümkün qədər yaxşı oynamalıyam”.
Koxalski Polşa millisindən yenidən dəvət almaq məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, yığmada qapıçı mövqeyi uğrunda ciddi rəqabət var və əsas vəzifəsi klubunda sabit çıxış etməkdir.
Qeyd edək ki, Koxalski 2024-cü ildə Polşanın “Stal” (Melets) komandasından “Qarabağ”a transfer olunub. O, Ağdam təmsilçisinin heyətində Azərbaycan çempionu olub və Çempionlar Liqasında çıxış edib.
2026-cı ilin yayında “Qarabağ”dan ayrılan qapıçı hazırda “Veçista”nın formasını geyinir.
