Çingiz Abdullayev: “Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq”

14 Oktyabr 2026 17:50
110
Çingiz Abdullayev: “Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq”

“Hər bir komandamızın uğuru bütün Azərbaycanın, ölkə futbolunun nailiyyətidir. Ona görə də “Sabah”ı ürəkdən təbrik edirəm. İstəyirəm ki, mənim sevimli “Neftçi” komandam də belə oynasın və əminəm ki, oynayacaq”.

Bu fikirləri xalq yazıçısı, tanınmış ictimai xadim, detektiv janrının ustadı Çingiz Abdullayev “Sabah” komandasının UEFA Çempionlar Liqasının əsas mərhələsində Çexiya təmsilçisi “Slaviya Praqa”nı 2:0 hesabı ilə məğlub etdiyi oyun barədə danışarkən deyib.

O bildirib ki, Azərbaycan təmsilçilərinin beynəlxalq arenada uğur qazanması ölkəmiz və futbolumuz üçün böyük əhəmiyyət daşıyır. Çingiz Abdullayev “bayquşlar”ın “Borussiya Dortmund” və “Barselona” kimi güclü kollektivlərlə oyunlarda da uğurlu çıxış edəcəyinə inandığını vurğulayıb.

“Əgər qorxurlarsa, meydana çıxmasınlar. Amma inanıram ki, çəkinmirlər, oynayacaqlar və uğurlu olacaqlar. “Qarabağ” ötən il hamısına göstərdi ki, lap uduzanda da oynamaq olar. Komanda uduza bilər, başa düşürəm, rəqiblər güclüdür. Amma əgər vuruşursansa, sizə heç kəs heç nədə məsləhət verməz. İnanıram ki, vuruşacaqlar”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

Ç.Abdullayev “Neftçi”nin bu mövsümdəki uğurlu çıxışı barədə də danışıb:

“Mən çox istəyirəm ki, “Neftçi’ həmişə flaqman adına layiq olsun. Yeddi il “Neftçi’nin Müşahidə Şurasının sədri olmuşam və bu komanda həmin dövrdə Azərbaycan çempionu da olub. İnanıram ki, uğurlar hələ çox olacaq, komanda yenidən çempionluğu qazanacaq. Mən buna çox inanıram”.

O, “Neftçi”nin bu mövsüm çempionluq uğrunda mübarizə aparmaq imkanlarını da dəyərləndirib. Çingiz Abdullayevin fikrincə, komanda istəsə, çempionluğa oynaya bilər.

İdman.Biz