İngiltərə Premyer Liqasının son çempionu “Arsenal” rekord gəlir əldə etməsinə baxmayaraq, klubda iş yerlərinin ixtisarına hazırlaşır.
İdman.Biz “The Athletic”ə istinadən xəbər verir ki, London təmsilçisinin rəhbərliyi xərclərin azaldılması proqramı çərçivəsində 60-a yaxın iş yerini ixtisar etmək niyyətindədir. Artıq əməkdaşlara planlaşdırılan dəyişikliklər barədə məlumat verilib.
İxtisarların klubun bir neçə struktur bölməsini əhatə edəcəyi gözlənilir. Bununla belə, məşqçilər korpusu, fiziki hazırlıq üzrə mütəxəssislər, kişi və qadın komandalarının fəaliyyətini təmin edən heyət, təhlükəsizlik xidməti, xeyriyyə fondu və qadın komandası ilə birbaşa çalışan əməkdaşlar bu prosesdən kənarda qalacaqlar.
Hazırda məsələ ilə bağlı məsləhətləşmələr davam edir və yekun qərarda dəyişikliklər mümkündür.
Diqqətçəkən məqam odur ki, ixtisar planı “Arsenal”ın Premyer Liqada çempionluq qazanmasından və Çempionlar Liqasının finalına yüksəlməsindən bir neçə ay sonraya təsadüf edir.
Üstəlik, klub 2024/2025 maliyyə ilində 691 milyon funt-sterlinq məbləğində rekord gəlir əldə etdiyini açıqlayıb. Bununla yanaşı, hesabat dövrü 1,4 milyon funt-sterlinq zərərlə başa çatıb.
Qeyd edək ki, “Arsenal” 2020-ci ildə də koronavirus pandemiyası fonunda 55 əməkdaşın ixtisarını elan etmişdi.
