“Çelsi”nin yarımmüdafiəçisi Cordan Henderson İngiltərə Premyer Liqasında altıncı turun ən yaxşı futbolçusu seçilib.
İdman.Biz Premyer Liqanın rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı futbolçu azarkeşlər arasında keçirilən səsvermədə 53 faiz səs toplayaraq qalib olub.
Henderson “Çelsi”nin “Bornmut”u 5:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada iki qol vurub və bir məhsuldar ötürmə verib. London klubunun heyətində ilk ev oyununa çıxan yarımmüdafiəçi ikinci dəqiqədə hesabı açıb, bir dəqiqə sonra isə Morqan Rocersin qoluna assist edib. O, daha sonra cərimə zərbəsindən fərqlənib.
Təcrübəli futbolçu Premyer Liqanın bir oyununda üç qol epizodunda birbaşa iştirak edən “Çelsi”nin ən yaşlı oyunçusu olub. O, həmçinin 2022-ci ilin aprelində “Mançester Yunayted”in heyətində “Norviç”ə qarşı iki qol və bir assistlə yadda qalan Kriştianu Ronaldudan sonra bu göstəriciyə çatan ən yaşlı futbolçudur.
Henderson Premyer Liqa tarixində matçın ilk dəqiqələrində həm qol vurmağı, həm də məhsuldar ötürmə verməyi bacaran oyunçular sırasında da yer alıb. Bu göstəriciyə ondan daha tez yalnız 1998-ci ildə “Lester”in heyətində “Derbi Kaunti”yə qarşı çıxış edən Emil Heski nail olub.
Qeyd edək ki, Henderson bu mövsüm turun ən yaxşısı seçilən ikinci “Çelsi” futbolçusudur. Daha əvvəl birinci turda “Fulhem”lə oyundakı çıxışına görə Koul Palmer bu mükafata layiq görülüb.
