İspaniya millisinin və Portuqaliyanın “Portu” futbol komandasının sabiq qapıçısı İker Kasilyasın 2019-cu ildə keçirdiyi infarktla bağlı məhkəmə prosesi davam edir.
İdman.Biz “Maisfutebol” nəşrinə istinadən xəbər verir ki, Portuqaliyada məhkəmə Tibbi-Hüquqi Şuradan hadisənin səbəbləri ilə bağlı əlavə izahat tələb edib.
Araşdırmanın əsas məqsədi Kasilyasın 1 may 2019-cu ildə “Portu”nun məşqində keçirdiyi infarktın səhlənkarlıq kimi qiymətləndirilib-qiymətləndirilməyəcəyini müəyyənləşdirməkdir.
Məhkəmə prosesində ifadə verən kardioloqlar hadisənin səbəbləri ilə bağlı fərqli mövqelər səsləndiriblər. Kasilyasa tibbi yardım göstərən həkim İzabel Kelyaşın fikrincə, ürək damarındakı aterosklerotik lövhənin qopması məhz məşq zamanı baş verib.
Digər mütəxəssislər isə qapıçının əvvəlcədən mövcud olan ürək-damar xəstəliyini əsas səbəb kimi göstərərək adi fiziki məşqin infarkta birbaşa səbəb olduğunun sübuta yetirilmədiyini bildiriblər.
Məhkəmə qarşısında əsas məsələ fiziki yüklənmənin infarktı törədən amil olub-olmadığını və hadisənin əmək fəaliyyəti ilə hüquqi əlaqəsini müəyyənləşdirməkdir.
Kasilyas sığorta şirkəti “Fidelidade”dən müvəqqəti əmək qabiliyyətini itirməsinə görə 750 821 avro, daimi əmək qabiliyyətsizliyinə görə isə 1 milyon 521780 avro təzminat tələb edir.
Bundan başqa, sabiq futbolçu “Portu”nun da sığortanın əhatə etmədiyi ödənişlərə görə məsuliyyət daşıdığını hesab edir.
Qeyd edək ki, Kasilyas 2019-cu il mayın 1-də məşq zamanı infarkt keçirib. Hadisədən sonra yaşıl meydanlara qayıtmayan dünya və Avropa çempionu 2020-ci ildə peşəkar futbolçu karyerasını başa vurub.
