“Sabah”ın sabiq baş məşqçisi: “Komanda “Borussiya”ya da qalib gələ bilər”

14 Oktyabr 2026 17:10
115
“Sabah”ın sabiq baş məşqçisi: “Komanda “Borussiya”ya da qalib gələ bilər”

“Sabah” komandası “Borussiya”ya (Dortmund, Almaniya) qarşı yaxşı oyun sərgiləsə, qalib gələ bilər”.

Bunu “Sabah” futbol komandasının sabiq baş məşqçisi Elşad Əhmədov deyib.

Mütəxəssis Bakı təmsilçisinin ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsində “Slaviya”nı (Çexiya) məğlub etməsindən danışıb.

“Sabah”a birmənalı şəkildə “əhsən” demək istəyirəm. Çünki bu gün Liqa mərhələsinə düşmək asan deyil. “Slaviya”ya qarşı da gözəl oyun izlədik və nəticədə qələbə gəldi. Komanda sürətli oyuna üstünlük verirdi. Bir çox epizodlarda isə rəqibinə oynamağa imkan vermirdi. Bütün bunlar sevindirici amillərdir”, - deyə o report.az-a açıqlamasında söyləyib.

O, qarşıda “Sabah”ı daha çətin oyunların gözlədiyini bildirib:

“Sabah” bundan sonra daha çətin rəqiblərlə qarşılaşacaq və inanıram ki, bu matçların heç birində təslim olmayacaq. Hətta “Mançester Yunayted”ə səfərdə 0:4 uduzarkən belə, komanda pis çıxış etməmişdi, rəqibdən qorxmamışdı. “Mançester Yunayted”in gücü hər kəsə bəllidir. Düşünürəm ki, “Sabah” “Borussiya” ilə oyunda da yaxşı oyun sərgiləsə, xal əldə edə, hətta qələbə də qazana bilər”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda təşkil olunan “Sabah” - “Slaviya” oyunu Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda növbəti matçını oktyabrın 20-də evdə “Borussiya”ya qarşı keçirəcək.

İdman.Biz