İngiltərənin “Mançester Siti” futbol komandası ilə bağlı maliyyə pozuntuları qalmaqalı Avropa futbolunun gələcəyinə təsir göstərə bilər.
İdman.Biz xəbər verir ki, italiyalı jurnalist Covanni Armanini “Tuttomercatoweb” radiosunda İngiltərə klubuna qarşı aparılan araşdırmanı və mümkün sanksiyaları şərh edib.
Jurnalistin sözlərinə görə, klubun maliyyə qaydalarını pozması ilə bağlı qərar təkcə Premyer Liqaya deyil, bütün Avropa futboluna təsir göstərəcək.
“İndi qərarları gözləyirik, lakin bu proses illərlə davam edə bilər. Apellyasiya şikayəti var və tərəflər arasında razılaşma əldə olunmayıb. “Mançester Siti” məsələni adi məhkəmələrə qədər aparmağa hazırlaşır. Fevral-mart aylarında apellyasiya ilə bağlı cavab gözlənilir. Bundan sonra da qərardan şikayət etmək mümkün olacaq”, - deyə Armanini bildirib.
O, Premyer Liqanın maliyyə nəzarəti sisteminin də dəyişdirilməli olduğunu vurğulayıb:
“Bir çempionat 20 il ərzində baş verənlərlə bağlı yalnız bu qədər vaxtdan sonra ədaləti təmin edə bilirsə, nəticədən razı qala bilməz. Çünki azarkeşlərdə həmin dövrdə keçirilən yarışların ədalətli olub-olmadığına dair şübhələr yaranır. Buna görə də qaydalar dəyişdirilməlidir”.
Armanini “Mançester Siti”nin apellyasiya şikayətinin təmin olunmayacağını gözlədiyini də bildirib.
“Düşünürəm ki, onlar apellyasiyanı uduzacaqlar. Bundan sonra təkcə Premyer Liqa deyil, Avropa futbolu da əvvəlkindən fərqli olacaq. Premyer Liqa artıq illərlə maliyyə pozuntularına yol verildiyini etiraf edib. Bu vəziyyətin dəyişmədən qalması qəbuledilməzdir”.
Jurnalist klubun azarkeşlərinin mövqeyini də yüksək qiymətləndirib. Onun fikrincə, tərəfdarlar mümkün cəzalarla bağlı narahatlığa baxmayaraq, komandalarına sədaqətlərini nümayiş etdirirlər.
Qeyd edək ki, Premyer Liqanın müstəqil komissiyası “Mançester Siti”ni 2009-2018-ci illərdə ciddi maliyyə qaydalarını pozmaqda təqsirli bilib. Klub qərarla razılaşmayaraq apellyasiya şikayəti verib. Yekun sanksiya hələ müəyyənləşməyib.
