“Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyada keçirilən dünya çempionatının qalibi olmaq niyyətindədir”.
Bunu yığmanın baş məşqçisi İlkin Hacıyev deyib.
Mütəxəssis turnirə 3 ay intensiv hazırlaşdıqlarını bildirib.
“Rəhbərliyə göstərilən diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk. Dünya çempionatında ilk matçımız Rumıniya seçməsinə qarşı oldu və 3:3 hesabı ilə başa çatdı. Ağır oyun keçdiyini deyə bilərəm, buna baxmayaraq, futbolçulara təşəkkür edirəm. İlk oyunlar həmişə çətin keçir. Məqsədimiz çempionluqdur, bura çempion olmağa gəlmişik”, - deyə o report.az-a açıqlamasında söyləyib.
O, Çexiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üzərində qazanılan qələbələri də dəyərləndirib:
“Çexiyanı 4:2 hesabı ilə məğlub etdikdən sonra BƏƏ ilə oyunda da eyni hesabla qalib gəldik. Qarşılaşma tamamilə üstünlüyümüz şəraitində keçdi və komandadan tam razı qaldım. Şükürlər olsun ki, zədəlimiz yoxdur, tam heyətlə növbəti matça hazırıq. Komanda oyundan-oyuna daha da artırır, futbolçular getdikcə uyğunlaşırlar”.
Baş məşqçi çempionatın favoritlərini və qarşıdakı hədəfi də açıqlayıb:
“Turnirin ən güclüləri Rumıniya, Çexiya, Serbiya və Ukrayna milliləridir. Lakin bu minifutboldur, burada istək və mübarizə çox önəmlidir, sona qədər oynamaq lazımdır. Oktyabrın 15-də Slovakiya ilə matçımız var və meydana qələbə üçün çıxacağıq. Ən çox xal toplayan 4 komanda yarımfinalda iştirak edəcək. “4-lüy”ə düşmək üçün xal itirmək olmaz”.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatında keçirdiyi görüşlərdə Rumıniya ilə heç-heçə (3:3) edib, Çexiya və BƏƏ komandalarını isə 4:2 hesabı ilə üstələyib. Komanda növbəti matçını sabah Slovakiya millisinə qarşı keçirəcək.
