Tanınmış futbolçuların qohumları Bakıda keçiriləcək U-15 dünya çempionatında - İDMAN.BİZ-in İCMALI

14 Oktyabr 2026 16:41
121
Tanınmış futbolçuların qohumları Bakıda keçiriləcək U-15 dünya çempionatında - İDMAN.BİZ-in İCMALI

Oktyabrın 24-dən 30-dək Bakıda keçiriləcək U-15 dünya çempionatı və FIFA festivalı dünyanın müxtəlif ölkələrindən perspektivli gənc futbolçuları bir araya gətirməklə yanaşı, tanınmış futbol ailələrinin nümayəndələrini də qəbul edəcək. Turnirin iştirakçıları arasında Avropanın aparıcı klublarında və milli komandalarda çıxış etmiş futbolçuların qohumları da olacaq.

İdman.Biz-in məlumatına görə, milli federasiyaların açıqladığı iştirak ərizələrinin araşdırılması futbol azarkeşlərinə yaxşı tanış olan şəxslərin qohumları olan üç gənc futbolçunu üzə çıxarıb. Onlardan ikisi artıq öz milli komandalarının yekun heyətinə daxil edilib, üçüncüsü isə Azərbaycana gəlmək hüququ uğrunda mübarizə aparır.

Turnirin ən maraqlı iştirakçılarından biri “Valensiya”nın 15 yaşlı müdafiəçisi, London “Arsenal”ında çıxış edən Kristian Moskeranın kiçik qardaşı Julian Moskeradır. İspaniya Futbol Federasiyası onu Bakıya yollanacaq 14 futbolçunun siyahısına rəsmi şəkildə daxil edib.

Julian da böyük qardaşı kimi mərkəz müdafiəçisi mövqeyində çıxış edir. 194 santimetr boya malik futbolçu fiziki göstəriciləri və sürəti ilə seçilir. Gənc yaşına baxmayaraq, Moskeranın İspaniyanın yeniyetmələrdən ibarət milli komandalarında çıxış təcrübəsi var. Bundan başqa, İspaniyanın AS nəşrinin məlumatına görə, Madrid “Real”ı da onun inkişafını izləyir və “Valensiya” akademiyasının istedadlı yetirməsinə maraq göstərir.

Tanınmış futbol ailəsinin daha bir nümayəndəsi İtaliya millisinin yekun heyətinə daxil edilən 14 yaşlı Alfredo Krişito olacaq. O, vaxtilə İtaliya millisində çıxış etmiş, “Yuventus”, “Cenoa” və Sankt-Peterburqun “Zenit” klublarında oynamış müdafiəçi Domeniko Krişitonun oğludur.

Alfredo ailə ənənəsini “Cenoa”nın akademiyasında davam etdirir və atası kimi müdafiə xəttində çıxış edir. 2012-ci ildə anadan olan gənc futbolçu artıq İtaliyanın yeniyetmələrdən ibarət milli komandalarının məşqçilərinin diqqətini cəlb edib. Maraqlıdır ki, Krişitonun kiçik oğlu Alessandro da Genuya klubunun sistemində inkişaf edir. O, hücumçu mövqeyində oynayır.

İtaliya mətbuatının məlumatına görə, bu ilin yayında “Atalanta” Domeniko Krişitonu məşqçi vəzifəsinə dəvət etməkdə maraqlı olub. Berqamo təmsilçisi onun hər iki oğlunu da öz akademiyasına qəbul etməyə hazır idi. Lakin ailə Genuyada qalmağa üstünlük verib.

Bakıda futbol sülaləsinin üçüncü nümayəndəsi Mərakeş millisinin sabiq kapitanı Mehdi Benatiyanın oğlu, 14 yaşlı Kays Əl-Müttəki ola bilər. Onun atası Münhen “Bavariya”sı, Turin “Yuventus”u və İtaliyanın “Roma” klubunda çıxışları ilə tanınır.

Kays Fransanın “Marsel” klubunun akademiyasında məşq edir və hücumçu mövqeyində oynayır. Gənc forvard artıq məhsuldar oyunu ilə diqqət çəkməyi bacarıb. O, may ayında yeniyetmələr arasında Aralıq dənizi Kubokunun finalında het-trik edib. Həmin görüşdə “Marsel” “Olimpik Rovenen”ə 5:2 hesabı ilə qalib gəlib. Bundan başqa, perspektivli futbolçu daha yuxarı yaş qrupu olan U-17 komandasının oyunlarına da cəlb olunmağa başlayıb.

Əl-Müttəki Fransa yığmasının hazırlıq toplanışına dəvət edilmiş 18 futbolçu arasında yer alıb. Lakin yekun heyət hələ təsdiqlənməyib. Oktyabrın 18-dən 22-dək Klerfontendə keçiriləcək məşqlərdən sonra məşqçilər Azərbaycana yollanacaq 14 futbolçunu seçəcəklər. Beləliklə, Benatiyanın oğlunun dünya çempionatında iştirakı hələlik sual altındadır.

Qeyd edək ki, bütün milli federasiyalar turnir üçün yekun heyətlərini açıqlamayıb. Buna görə də yaxın günlərdə tanınmış futbolçuların Bakıda keçiriləcək yarışda özlərini göstərmək imkanı qazanacaq digər övladları və qohumları barədə də məlumat yayıla bilər.

Xatırladaq ki, U-15 dünya çempionatı və FIFA festivalı qurumun himayəsi altında bu formatda təşkil edilən ilk turnir olacaq. Yarışda təxminən 190 milli komandanın iştirakı gözlənilir. Ümumilikdə 950-yə yaxın oyun keçiriləcək.

Görüşlər qeyri-adi qaydalarla təşkil olunacaq: komandalar meydana səkkiz futbolçu ilə çıxacaqlar və oyunlar 68x47 metr ölçülü kiçildilmiş meydançalarda keçiriləcək. Hər qarşılaşmanın müddəti 40 dəqiqə olacaq – iki hissənin hər biri 20 dəqiqə davam edəcək.

İlk mərhələdə komandalar qruplarda mübarizə aparacaqlar. Daha sonra nəticələrindən asılı olaraq altı səviyyəyə bölünəcəklər. Ən güclü A səviyyəsinin qalibi U-15 dünya çempionu titulunu qazanacaq. Bununla yanaşı, bütün milli komandalar turnirin son oyun gününədək çıxışlarını davam etdirəcəklər.

Qarşılaşmaların əsas hissəsi Hövsan qəsəbəsində yerləşən yarış kompleksində keçiriləcək. Açılış oyunu və final qarşılaşmaları isə “Baku Crystal Hall”da baş tutacaq.

Fəxrəddin Xəlilovun turnirə hazırladığı Azərbaycan millisi AF qrupunda mübarizə aparacaq. Ev sahibi komandanın rəqibləri Avstraliya, İsrail, Haiti, Andorra və Şərqi Timor yığmaları olacaq. Azərbaycan futbolçuları ilk oyunlarını oktyabrın 24-də məhz Şərqi Timora qarşı keçirəcəklər.

İdman.Biz