Niderlandın “TOP Oss” futbol komandası “Sabah” klubunun sabiq futbolçusu Jearl Marqaritanın transferi ilə bağlı maliyyə mübahisəsində uduzub.
İdman.Biz “Voetbal International”a istinadən xəbər verir ki, Niderland Kral Futbol Assosiasiyasının (KNVB) Arbitraj Komissiyası klubun futbol agentinə 50 min avro (təxminən 99 min manat) ödəməsi barədə qərar qəbul edib.
Mübahisə üç il əvvəl həyata keçirilən transferlə bağlı yaranıb. Karlos Barros adlı agent “TOP Oss”un Marqaritanın satışından əldə etdiyi transfer məbləğindən ona pay düşdüyünü iddia edib.
Arbitraj Komissiyası agentin tələbini təmin edib və Niderland klubunun müvafiq məbləği ödəməsinə qərar verib.
Marqarita 2021-2023-cü illərdə “TOP Oss”un formasını geyinib. Daha sonra ABŞ-nin “Finiks Rayzinq” və Belçikanın “Beveren” komandalarında çıxış edib.
Qeyd edək ki, Jearl Marqarita 2023/2024 mövsümündə “Sabah”ın formasını geyinib. Hücumçu Azərbaycan Premyer Liqasında 18, ölkə kubokunda iki, UEFA Konfrans Liqasında isə üç oyunda iştirak edib. Ümumilikdə 23 qarşılaşmaya çıxan futbolçu bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. O, yeganə qolunu Azərbaycan Kubokunda vurub.
