İspaniyanın “Real Madrid” futbol komandasının hücumçusu Kilian Mbappenin anası və meneceri Faiza Lamari Fransada aparılan korrupsiya istintaqının diqqət mərkəzinə düşüb.
İdman.Biz “Sport” nəşrinə istinadən xəbər verir ki, Lamari Fransa millisinin keçmiş təhlükəsizlik əməkdaşı Məhəmməd Sanhaci ilə bağlı cinayət işi çərçivəsində üç hakim tərəfindən dindirilib.

Futbolçunun anasına rəsmi ittiham irəli sürülməyib. Bununla belə, o, istintaqda “yardım edən şahid” statusu alıb. Fransa hüquq sistemində bu status şəxsin şahid kimi dindirilməsi ilə yanaşı, onun mümkün iştirakına dair müəyyən şübhələrin mövcudluğunu ifadə edir.
İstintaqın əsas fiquru Fransa millisində uzun illər təhlükəsizlik məsələlərinə cavabdeh olan Məhəmməd Sanhacidir. Keçmiş polis əməkdaşı korrupsiya, nüfuz alveri, dövlət vəsaitlərinin mənimsənilməsi, dələduzluq və çirkli pulların yuyulması şübhələri ilə araşdırılır.

Fransa mətbuatının məlumatına əsasən, Mbappe Sanhaciyə ümumilikdə 180 300 avro verib. Bunun 120 min avrosu futbolçunun anasının vasitəçiliyi ilə mənzil alınması üçün verilən borc, 60 300 avrosu isə 2022-ci il dünya çempionatından sonra təqdim olunan mükafat olub.
Fransalı hücumçu da həmin maliyyə əməliyyatları ilə bağlı ifadə verib. Bununla belə, Mbappeyə qarşı hər hansı cinayət ittihamının irəli sürüldüyü barədə məlumat yoxdur.
Qeyd edək ki, istintaq çərçivəsində Fransa Futbol Federasiyasının qərargahında və Faiza Lamarinin yaşadığı evdə axtarış aparılıb.
