“Fənərbağça”nın “Aston Villa” ilə oyun üçün əsas planı məlum oldu

14 Oktyabr 2026 15:27
101
“Fənərbağça”nın “Aston Villa” ilə oyun üçün əsas planı məlum oldu

Türkiyənin “Fənərbağça” futbol komandasının baş məşqçisi İsmayıl Kartal Çempionlar Liqasında İngiltərənin “Aston Villa” klubu ilə keçiriləcək səfər oyunu üçün yarımmüdafiə xəttində dəyişiklik etməyi planlaşdırır.

İdman.Biz “Sporx” nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin start heyətində Nqolo Kante və Matteo Genduzinin birlikdə yer alması gözlənilir.

Diskvalifikasiya müddəti başa çatan Genduzi yenidən əsas heyətə qayıtmağa hazırlaşır. Fransalı futbolçunun meydana ilk dəqiqələrdən çıxması komandanın yarımmüdafiədəki müdafiə imkanlarını gücləndirməyə hesablanıb.

Kante isə son oyunlarda nümayiş etdirdiyi fiziki hazırlıqla məşqçilər korpusunun etimadını qazanıb. 35 yaşlı yarımmüdafiəçi “Çaykur Rizəspor” üzərində 3:0 hesablı qələbə ilə başa çatan qarşılaşmada komandasının heyətində ən çox məsafə qət edən futbolçu olub.

Fransalı oyunçu məşqlərdəki intizamı ilə də fərqlənir. O, hazırlıq prosesinə ən tez gələn və məşq meydançasını ən gec tərk edən futbolçulardan biridir.

İsmayıl Kartal Kante və Genduziyə eyni vaxtda şans verməklə “Aston Villa”nın hücumlarının qarşısını almağı və meydanın mərkəzində üstünlük qazanmağı hədəfləyir.

Qeyd edək ki, “Aston Villa” - “Fənərbağça” qarşılaşması bu gün, 14 oktyabrda keçiriləcək.

İdman.Biz