Misli Premyer Liqasının 2026/2027-ci illər mövsümündə daha bir baş məşqçi vəzifəsindən ayrılıb. “İmişli” Fərid Namazovla əməkdaşlığa vaxtından əvvəl son qoyub.
İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, klubun rəsmi açıqlamasına əsasən, tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər.
“İmişli” yeni mövsümə məhz Fərid Namazovun rəhbərliyi altında başlayıb. O, bu vəzifədə portuqaliyalı mütəxəssis Jorj Kaşkilyanı əvəzləyib.
Region təmsilçisinin gənc çalışdırıcıya təzminat ödəməyəcəyi iddia olunub. Buna səbəb əməkdaşlığın dayandırılması təşəbbüsünün Namazovun özündən gəlməsidir.
Məlumata əsasən, baş məşqçi bəzi klub funksionerlərinin onun işinə müdaxilə etməsindən narazı olub və mövcud şəraitdə öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməyin çətinləşdiyini bildirib.
Yüksək yerlər uğrunda mübarizə aparmağın mövcud şərtlər daxilində çətin olacağını nəzərə alan mütəxəssis komandadan ayrılmağa üstünlük verib.
Qeyd edək ki, “İmişli” yeddi turdan sonra dörd xal toplayaraq turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb. Cari mövsümdə bundan əvvəl də iki baş məşqçi ilə yollar ayrılıb. Uğursuz nəticələrdən sonra “Qəbələ” Kaxaber Tsxadadze, “Araz-Naxçıvan” isə Cavid Hüseynovla əməkdaşlığı dayandırıb.
