Millətlər Liqasının Litva - Azərbaycan oyununda (1:1) qeydə alınan hesab matçın gedişinə uyğun olub və hər iki komanda eyni səviyyədə oyun nümayiş etdirib.
Bunu İdman.Biz-ə açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.
“Ümumiyyətlə, sönük oyun oldu. D liqasında hər iki rəqib UEFA-nın reytinqində əmsal baxımından geridədir. Litva isə bizdən çox geridədir. Hər iki komandada istək var idi, sadəcə ustalıq və keyfiyyət çatışmırdı. Az hücum oldu, çox qol vəziyyəti yaranmadı. Hər iki komanda müdafiədə etibarlı oynamağa çalışdı”, - deyə o vurğulayıb.
Mütəxəssis həmin matçda Azərbaycan millisinin yeganə qolunu vuran Mahir Emrelinin komandanın hazırkı lideri kimi qəbul olunmasına da münasibət bildirib:
“Qazanılan nəticəyə görə belə təsəvvür yaranır. Komanda vuruşur, mübarizə aparır, ancaq dediyim kimi, keyfiyyət və ustalıq çatmırdı. Mahirdə isə sadaladığım keyfiyyətlər var. Biz yarım qol vəziyyətindən belə istifadə edə bilmirik. Əgər komanda qol vurubsa və heç-heçə nəticəsi qeydə alınıbsa, Mahirin əməyini təbii ki, qeyd etməliyik. Onun vurduğu qol komandaya xal gətirdi. Bu baxımdan Mahir liderdir. Lakin biz deyə bilmərik ki, bir oyun yetərlidir, millimizdə 10-15 oyun komandanı arxasınca aparmaq gücündə olan lider hələlik yoxdur”.
Şahin Diniyevin sözlərinə görə, növbəti oyun Azərbaycanda keçiriləcəyinə baxmayaraq, ev amili matça böyük təsir göstərməyəcək. Onun fikrincə, qrupun lideri məhz Bakıda keçiriləcək Azərbaycan - Litva oyununda müəyyənləşəcək:
“Dünya futbol praktikasında ev-səfər amili artıq böyük önəm daşımır. Azərbaycan evdə artıq qələbə qazanmaq məcburiyyətində qalacaq. Bu da asan olmayacaq. Düşünürəm ki, qrupun qalibi Bakıda, Azərbaycan - Litva oyununda aydınlaşacaq. Yəni, şanslar bərabərdir. Səviyyə baxımından komandalar eynidir. Heç birinin böyük üstünlüyü yoxdur. Biz ona görə də hamımız D liqasındayıq”.
Eyni zamanda, Diniyev D liqasının ləğv olunacağını və buna görə də qrupdan çıxmaq məsələsinin o qədər də əhəmiyyətli olmayacağını düşünür.
“Məncə, bizim bu qrupdan çıxıb-çıxmamağımız artıq o qədər də əhəmiyyət kəsb etməyəcək. Ona görə ki, bildiyim qədər UEFA artıq bu turniri başqa formata keçirmək istəyir. Ola bilər ki, reytinq baxımından hansısa əmsal toplaya bilək. Ancaq dediyim kimi, dəyişiklik olacaq. Çempionlar Liqasına uyğun bir format formalaşacaq. Düşünmürəm ki, D liqası olsun və ya hansısa fərqli bir liqa. Çox da qrupdan çıxıb-çıxmamağımıza köklənmək, fokuslanmaq lazım deyil. Axırda bu, böyük əhəmiyyət daşımayacaq”, - deyə o fikirlərini yekunlaşdırıb.
Qeyd edək ki, komandamız oktyabrın 1-də Bakıda Lixtenşteyn, oktyabrın 4-də isə yenidən Litva ilə qarşılaşacaq.
