Sabiq qapıçı millinin Litva ilə oyunundan danışdı

28 Sentyabr 2026 15:13
63
Sabiq qapıçı millinin Litva ilə oyunundan danışdı

“Millimiz Litva ilə görüşdə çox yaxşı mübarizə apardı və komanda sona qədər xarakter nümayiş etdirdi. Səfərdə oynamağın çətinliyinə baxmayaraq, futbolçularımız meydanda kifayət qədər inamlı təsir bağışladılar”.

Bu sözləri Azərbaycan futbol millisinin sabiq qapıçısı Fərhad Vəliyev deyib.

Azərbaycan millisinin sabiq qapıçısı millimizin ötən gün səfərdə Litva ilə heç-heçə etdiyi matçı şərh edib.

“Fikrimcə, müəyyən epizodlarda daha diqqətli və dəqiq olsaydıq, Litvadan qələbə ilə də qayıda bilərdik. Qazanılan 1 xalı uğursuz nəticə hesab etmirəm. Qarşıda bizi Bakıda keçirəcəyimiz vacib oyunlar gözləyir. Lixtenşteyn və Litva ilə matçlar qrupdakı mövqeyimiz baxımından böyük əhəmiyyət daşıyır. Doğma meydanda azarkeşlərimizin dəstəyi ilə bu görüşlərdə maksimum nəticə qazanmaq və qrupda liderlik uğrunda mübarizəni davam etdirmək mümkündür. Əsas məsələ hər oyuna eyni konsentrasiya ilə yanaşmaq, müdafiədə intizamlı oynamaq və hücumdakı imkanlardan daha səmərəli istifadə etməkdir. Millimizdə bunun üçün potensial var. Komandanın son görüşdə mübarizliyi, göstərdiyi xarakter də bunu sübut edir. İndiki vəziyyətdə yığmanın durumu heç də pis deyil. Lakin bu status özü-özlüyündə heç nə demək deyil. Bakıda yaxşı nəticələr əldə etsək, qrupda ilk pilləni təmin edəcəyik”, - deyə sport24.az-a açıqlamasında söyləyib.

Qeyd edək ki, Azərbaycan - Litva görüşü 1:1 hesabı ilə başa çatıb. Millimiz qrupda növbəti oyununu oktyabrın 1-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteynə qarşı keçirəcək.

İdman.Biz