Arif Əsədov Litva - Azərbaycan oyununu dəyərləndirdi

28 Sentyabr 2026 14:40
72
Arif Əsədov Litva - Azərbaycan oyununu dəyərləndirdi

“Səfərdə oynayırdıq və çətin görüş keçəcəyi gözlənilirdi. Əsas məqam o idi ki, millimiz ruhdan düşmədi, tez bir zamanda cavab qolunu vurdu və təşəbbüsü ələ keçirdi”.

Bu sözləri Azərbaycan futbol millisinin və “Sabah”ın sabiq çalışdırıcısı Arif Əsədov yığmamızın Litva ilə səfər matçını (1:1) şərh edərkən deyib.

Təcrübəli mütəxəssis komandanın nümayiş etdirdiyi oyunu, taktiki gedişləri və fizik formasını yüksək qiymətləndirib.

“İlk hissənin başlanğıcı istədiyimiz kimi alınmadı, ilk dəqiqələrdə 11 metrlik cərimə zərbəsindən qol buraxdıq. Sonrakı dəqiqələrdə, daha doğrusu, birinci hissənin sonuna kimi ərazi üstünlüyü bizim tərəfimizdə idi. İkinci yarıda açıq oyun izlədik. Xoş məqam o idi ki, millimiz səfərdə oynamağına baxmayaraq müdafiəyə çəkilmədi, hücumlar təşkil edir və ya əks-hücumlar yaradırdı. Sadəcə son zərbələr çatmırdı. Bu baxımdan oyun, düşünürəm ki, pis alınmadı. Tacikistanla matçla bu oyun arasında fərq hiss olunurdu. Düzdür, nəticə baxımından Tacikistana qalib gələ bilsək də, burada heç-heçə etdik. Lakin oyun baxımından artıq yaxşı gedişlər hiss olunurdu. Xüsusilə hücum planında uğurlu idik. Heyətdəki dəyişikliklər də buna bir təkan oldu. Yoldaşlıq görüşündən fərqli olaraq rotasiyalar edilmişdi və bu da öz effektini göstərdi. Dünənki oyun göstərdi ki, komandamız fiziki baxımdan da yaxşı vəziyyətdədir. Çünki 90 dəqiqə ərzində, demək olar ki, rəqibə təzyiq göstərirdik. Topsuz oyunda məsafələri qoruya bilirdik və qarşı tərəfə sərbəst oynamaq imkanı vermirdik”, - deyə o fanat.az-a açıqlamasında söyləyib.

A.Əsədov millimizin qrupdakı şanslarını və növbəti matçlardakı hədəflərini də vurğulayıb:

“Minimum məqsədə də nail olduq, əsas rəqiblə səfər matçından bir xal qazandıq. İndi qalır evdəki oyunlarda həm Lixtenşteyn, həm də Litva üzərində qələbə qazanaraq məqsədə çatmaq yolunda böyük və uğurlu bir addım atmaq. Düşünürəm ki, buna millimizin gücü çatar. Səfərdəki oyun da göstərdi ki, komandamız rəqiblə başabaş, hətta bəzi məqamlarda üstün oyun nümayiş etdirir”.

İdman.Biz