“Əlbəttə ki, hazırda nəticəmiz ürəkaçan deyil. Komandanı bu vəziyyətdən, yəni sonuncu pillədən, ən azından bu təhlükəli zonadan çıxarmalıyıq”.
Bu sözləri Türkiyə Birinci Liqasında mübarizə aparan “Boluspor”un azərbaycanlı futbolçusu Elvin Yunuszadə komandanın mövcud vəziyyəti və gələcək planları barədə danışarkən deyib.
Müdafiəçi çempionatın startındakı çətinliklərin səbəbini komandanın gec toplaşması və hazırlıq keçməməsi ilə əlaqələndirib.
“Komanda həqiqətən də bir yerə çox gec toplaşdı. Məşqçi çempionatın başlamasına beş-altı gün qalmış komandaya gəldi. Mən özüm də eyni vaxtda kollektivə qoşuldum. Komanda təlim-məşq toplanışı keçmədi, heç bir yoldaşlıq oyunu oynamadı. İstər-istəməz bunların hamısı öz təsirini göstərdi”, - deyə o fanat.az-a açıqlamasında söyləyib.
E.Yunuszadə yeni baş məşqçinin gəlişindən sonra vəziyyətin düzələcəyinə inandığını və komandadan ayrılmaq barədə danışmağın tez olduğunu vurğulayıb:
“İndi yeni baş məşqçi gəlib. Mənim burada bir illik müqaviləm var və ancaq komandanın xeyri haqqında düşünürəm. Məncə, hələ vaxtımız var və hər şey qabaqdadır. Yeni məşqçinin gəlişinin komanda üçün yaxşıya doğru xeyirli olacağını düşünürəm. Komandadan ayrılmaqla və ya ümumiyyətlə başqa bir şeylə bağlı nəsə demək həqiqətən çox çətindir, hələ tezdir”.
Qeyd edək ki, Elvin Yunuszadənin çıxış etdiyi “Boluspor” Türkiyə Birinci Liqasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
